AZ

Tehranda həyəcan təbili: İranda inanılmaz ssenari gerçəkləşə bilər

İranda etiraz aksiyaları səngimək bilmir və ölkə daxilində gərginlik yeni mərhələyə keçməkdədir. "The Times" nəşrinin yazdığına görə, İranın ali rəhbəri ayətullah Əli Xamenei təhlükəsizlik qüvvələrinin etirazları nəzarət altına almaqda uğursuz olması ehtimalını nəzərə alaraq Tehrandan təxliyyə planı hazırlayıb. Daxili sabitliyin zəiflədiyi bu şəraitdə xarici təzyiqlər də güclənir. ABŞ prezidenti Donald Tramp İrana qarşı yeni zərbələrin endirilməsini istisna etmədiyini açıqlayıb. Bütün bunlar regionda risklərin artdığını və İran ətrafında vəziyyətin daha da mürəkkəbləşdiyini göstərir.

Məsələ ilə bağlı News24.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, İranın ali dini liderinin ölkədən kənara çıxarılması ehtimalı təkcə təhlükəsizlik məsələsi deyil, eyni zamanda mövcud rejimin faktiki olaraq sonu anlamına gələ bilər:

"Hazırkı siyasi sistem birbaşa ayətullah Əli Xameneinin fiquru üzərində qurulub və bu fiqurun səhnədən çəkilməsi ciddi siyasi boşluq yaradar. Xamenei ölkəni tərk edərsə, bu, İran İslam Respublikasındakı rejimin dağılma mərhələsinə keçdiyini açıq şəkildə göstərər. Belə bir vəziyyətdə ölkə qarşısında iki əsas ssenari formalaşa bilər. Birinci ssenariyə görə, rejim tamamilə çökməklə yerini yeni idarəetmə modelinə, yəni fərqli siyasi quruluşa malik respublikaya verə bilər. Bu halda teokratik sistem aradan qalxar və İran köklü siyasi transformasiya yaşayar".

Politoloq qeyd edib ki, ikinci ssenari isə daha yumşaq keçid variantı kimi dəyərləndirilir:

"Bu halda hazırkı Prezident Məsud Pezeşkian təşəbbüsü ələ alaraq ölkəni tədricən liberal respublika modelinə yönəldə bilər. Yəni ali dini lider postu formal olaraq saxlanılar, lakin real idarəetmə prezident və mülki institutların əlində cəmləşər. Belə bir ssenarinin reallaşması üçün Pezeşkianın SEPAH-la, yəni İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə ciddi razılaşmaya getməsi qaçılmazdır".

Əmrəliyev bildirib ki, hazırda ABŞ və İsrail tərəfindən İrana qarşı hərbi zərbə ehtimallarının gündəmə gəlməsi də daxili proseslərə birbaşa təsir göstərə bilər. Onun fikrincə, xarici müdaxilə və ya zərbə halında əhali arasında narazılıq dalğası daha da güclənə bilər:

"İran tarixində bu tip vəziyyətlərin artıq yaşandığını xatırladan politoloq 2009-cu il prezident seçkilərindən sonra baş verən hadisələrə diqqət çəkib. Həmin dövrdə Mir Hüseyn Musavinin rəhbərlik etdiyi Yaşıl Hərəkat faktiki olaraq mövcud rejimi sarsıtmaq həddinə çatmışdı. Lakin Ayətullah Xameneinin birbaşa göstərişi ilə təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi nəticəsində etirazlar yatırıldı, hərəkatın liderləri zərərsizləşdirildi və Musavi həbs edildi".


Seçilən
35
azia.az

1Mənbələr