AZ

“Türkiyə bizi dəvət etdi, maliyyə olmadığına görə gedə bilmədik” - Oqtay Abdullayev də legioner limitinin ləğvindən narazıdı

2025-ci il arxada qaldı. Hər il fəallığı ilə diqqəti çəkən, tədbirlər, veteranların şərəfinə oyunlar keçirən Azərbaycan Futbol Veteranları İttifaqı ötən il sanki passiv göründü, hansısa təşəbbüslə yadda qalmadı.

İttifaqın sədri Oqtay Abdullayevlə söhbətdə bu məqama aydınlıq gətirməyə çalışdıq:
“Yox, bu iradla razı deyiləm. İl ərzində iki dəfə Lənkərana getdik. Bərdəyə, Özbəkistana səfərimiz oldu. Həmişə belə olurdu. Türkiyə bizi dəvət etdi, maliyyə olmadığına görə gedə bilmədik. Qubada bir tədbir keçirdik. Cənab nazir pul ayırdı, üç gün qaldıq. Qusarda olduq. Kamran Əlibabayevin ad günü idi. Tofiq Bəhrəmovun, Kazbek Tuaevin doğum gününə həsr olunmuş oyunlar keçirdik. Məncə, yetərincə məhsuldar il oldu”.
Söz açılmışkən, veteran mütəxəssislə Azərbaycan futbolunun da başa çatmaqda olan ili haqda danışdıq:
“Qarabağ”ı təbrik edirəm. Çempionlar Liqasında qələbələr qazandılar. Böyük nailiyyətdi. “Sabah” “artırıb. Futbol inkişaf edib. Bilirdik ki, çempionatda 12 komanda olanda daha yaxşı olacaq. Pis o oldu ki, legioner limiti ləğv olundu. Öz futbolçularımız arxa planda qaldı. Milli komandaya futbolçular klublarımdan gəlir. Harda oynasınlar? Ümid edirəm ki, bu vəziyyəti görən AFFA rəhbərliyi yenilik edər. “Karvan-Yevlax”la “İmişli”nin az legionerlə oynayacağını gözləyirdim. Amma onlarda da çox oldu. Bu məsələ klublarındaxili işidi, müdaxilə edə bilmərəm. Məncə, 12-13 legioner gətirib o qədər pul verməkdənsə, onun yerinə 5 əcnəbi gətir, amma səviyyəlisini. İlk “üçlüy”ə oynamırlarsa, bu qədər legioner gətirməməlidilər. “Neftçi”də isə nəsə alınmır. Legionerlər gətirirlər, çoxu özünü doğrultmur. Düzdü, ayrı-ayrılıqda götürsək, yaxşı futbolçudular. Amma qocalar çoxdu. Nə məsələdi, heç kim tapa bilmir”.
MÜZƏFFƏR QULUZADƏ
Seçilən
88
1
football-plus.az

2Mənbələr