“Yeni dünya nizamının qurulması daha aktiv fazaya qədəm qoyub. Hadisələrsə beynəlxalq hüquq deyil, sadəcə güc amili üzərindən inkişaf edir”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.
Beynəlxalq münasibətlərdə güc amilinin ön plana çıxmasından danışan politoloq bildirib ki, bu dünya nizamında aktorlar söz sahibi olmaq, proseslərdə iştirak etmək, təşəbbüskar davranmaq və şübhəsiz ki, ilk növbədə gücsüz duruma düşmək, uduzmaq istəmirlər. Çünki güclü olmaq, impulsiv deyil, düşünülmüş siyasət yürütmək kimi ağıllı seçimlərlə yanaşı bunlara paralel davranaraq güclünün əleyhinə getmək də nəinki inkişafdan geri qalmaq, hətta bir neçə epoxa geriyə düşmək deməkdir.
Müsahibimiz qeyd edir ki, hər halda yaşanan hadisələr bunu sübut edir. Böyük dövlətlər gücü əsas götürərkən, kiçik dövlətlərinsə beynəlxalq hüquqdan yayınmaq şansı olduqca azdır:
"Bax, əsl reallıq budur. Odur ki, sayıq və praqmatik yanaşma önəmlidir. Azərbaycan bütün bu reallıqları nəzərə alaraq aktiv xarici siyasət konsepsiyası ortaya qoyur.
Şübhəsiz ki, bu konsepsiya hərtərəfli güclü olmaqdan keçir. İqtisadi, hərbi, enerji, siyasi, nəqliyyat və kommunikasiya, informasiya amilləri də nəzərə alınmaqla gücün hər bir amili nəzərə alınmalıdır".
Həmsöhbətimizin sözlərinə görə, dünyada baş verən hadisələr, şübhəsiz ki, Azərbaycan xarici siyasətinə də təsirsiz ötüşmür. Ş.Həsənovanın fikrincə, ümumiyyətlə, dövlətlərin xarici siyasətlərində ciddi korrektələrə gedilir:
"Gecikmək olmaz, sürətli proseslərə isə təmkinlə cavab vermək zəruridir. Bu istiqamətdə qeyd olunmalıdır ki, ABŞ və Azərbaycan münasibətləri sanki yeni bir səhifə üzərindən inkişaf etdirilir, xüsusilə Donald Trampın hakimiyyətə gəlişindən və 8 avqustdan sonra bu aktivliyin daha da artdığının şahidiyik. Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin irəli aparılması baxımından Vaşinqtonda əldə edilmiş nailiyyətlər reallıqların möhürüdür və bu istiqamətdə ABŞ Prezidenti Donald Trampın şəxsi töhfəsini, Azərbaycan Prezidenti İlham Əliyevin son dərəcə sərrast siyasətini qeyd etmədən keçmək olmaz".

Şəbnəm Həsənova: TRIPP dəhlizi bütün region və ABŞ üçün önəmli bir layihədir
Politoloq vurğulayır ki, İlham Əliyev dünya siyasətini dərindən dərk edən liderdir. Regional aktorların reaksiyasını, qlobal aktorların bölgəyə göstərdiyi marağı çox səlis şəkildə analiz etməyi bacarır. Azərbaycanla Ermənistan arasında ticarət münasibətlərinin yaradılmasında, Azərbaycanın neft məhsullarının Ermənistana ixrac edilməsində, Qazaxıstan və Rusiyadan buğdanın Azərbaycan ərazisindən keçməklə Ermənistana ixracın həyata keçirilməsində 8 avqust razılaşmalarının real nəticəsini görürük.
Onun sözlərinə görə, TRIPP dəhlizi bütün region və ABŞ üçün önəmli bir layihədir:
"Təbii ki, bütün bu hadisələr ABŞ-Azərbaycan münasibətlərinin yeni məcraya keçməsindən sonra baş tutdu. Çünki dünyanın siyasi prosesləri fonunda biz dayanıqlılıq göstərən aktor olduq. Bir digər mühüm amil də var ki, Azadlığa Dəstək Aktına 907-ci düzəlişin baş tutması ətrafında ciddi addımların atıldığının şahidiyik. Hadisələrin proqnozlaşdırıla bilməyən ssenarisi baş tutarsa belə, Azərbaycan üçün bu səddin aradan götürülməsi son dərəcə zəruridir. Dövlət başçımız təsadüfi olaraq xalqa ən son müraciətində sayıq olmağa, istənilən ssenariyə hazır olmağa səsləmədi".
Şəbnəm Həsənova bildirib ki, vaxt var idi, ATƏT-in Minsk qrupunun tarixə qovuşmasına, sözügedən ədalətsiz düzəlişin reallaşmasına bəlkə də xəyal kimi baxılırdı. Amma bütün bunların hər biri bizim bugünkü reallığımızdır. Bu reallıqlara yüksək siyasi erudisiyaya malik İlham Əliyev nail oldг:
"Dünyanın ən güclü dövlətinin Azərbaycanla münasibətləri daha da dərinləşdirməsinin, daha da inkişaf etdirməsinin marağı, meyili, istəyi, hətta şansı varsa nəyə görə də yox? Təbii ki, hər bir dövlət inkişaf etmək, tərəqqi içində yaşamaq, inkişaf yoluna meyil göstərmək niyyətində, istəyindədir".
Ş.Həsənova qeyd edib ki, Azərbaycanla ABŞ arasındakı münasibətlərin inkişafı heç bir tərəfin əleyhinə yönəlmədən iki tərəfin marağı üzərindən inkişaf edir, tərəqqiyə xidmət edir. Ətalətdə dayanmaq yolverilməzdir. Şübhəsiz ki, bu gün dünyada güc amili daha önəmli olduğu üçün Azərbaycanın və istənilən ölkənin qarşısında duran qaçılmaz amil daha da güclü olmaqdır.
Politoloq bildirib ki, Azərbaycan istənilən ölkə ilə münasibətlər qurarkən dividendləri və riskləri düzgün hesablayır. Bu baxımdan o zənn edir ki, ABŞ-Azərbaycan münasibətlərinin inkişaf etməsi iki tərəfin marağına cavab verdiyi qədər dünyada gedən proseslər üzərindən də dəyərləndirilməlidir və hər bir aktor kimi Azərbaycanın qarşısında duran amil də güclü olmaqdır:
"Hansısa aktorla münasibətləri dərinləşdirməkdən daha çox güclü olmaq, öz reallıqlarını yaratmaq, öz reallıqlarını qəbul etdirmək, milli maraqlar prizmasından addım atmaq vacibdir ki, Azərbaycanın ABŞ-la münasibətləri də son dərəcə zəruri olan bu amillər üzərindən dəyərləndirilməlidir. Münasibətlər istəlinən istiqamətlər üzrə daha da inkişaf etdirilməlidir ki, tərəqqi, sülh, inkişaf bölgəyə daha tez gəlsin və bölgə xalqlarının həyat səviyyəsi yüksəlsin".
Zeynəb Rzayeva