AZ

Professor: Venesueladan sonra növbə İran və ya Kolumbiyaya çata bilər

ain.az, Reyting.az saytına istinadən bildirir.

“Venesuelada baş verən hadisələr beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Faktiki olaraq ABŞ prezidenti Donald Tramp “Necə istərəm, elə də edərəm”,- davranışı nümayiş etdirir. Burada əsas məsələ Venesuela neftidir. Çünki Çində fəaliyyət göstərən bir çox zavodlar məhz bu neft hesabına işləyir”.

Bu fikirləri “Reytinq” qəzetinə açıqlamasında professor Cümşüd Nuriyev Venesuela prezidenti Nikolas Maduronun və həyat yoldaşının ABŞ hərbçiləri tərəfindən saxlanılaraq Nyu-Yorka aparılması ilə bağlı danışarkən səsləndirib.

Professor bildirib ki, Venesuela neftinin tərkibində kükürdün miqdarı çox olduğundan Çin onun emalı üçün milyardlarla dollar sərmayə yatırıb.

Onun sözlərinə görə, Venesuelanın Çinə təxminən 10 milyard dollar borcu var və baş verənlər həm Çin, həm də Rusiya üçün ciddi nəticələrə səbəb ola bilər.

C. Nuriyev Rusiya Federasiyası Dövlət Dumasının sabiq sədr müavini Vladimir Jirinovskinin vaxtilə səsləndirdiyi fikirləri də xatırladıb:

“Jirinovski hələ 2021-ci ildə deyirdi ki, ABŞ Venesuela və Kubanı, Rusiya isə Ukraynanı “götürəcək”. Yəni bu, açıq şəkildə bir növ bazarlıq təklifi idi. Odur ki, indi növbə Kuba və ya Kolumbiyaya çata bilər. Kolumbiyada həm narkotik, həm də böyük pullar var. Səhv etmirəmsə, ABŞ hələ 1904-cü ildə Panamaya qoşun yeritmişdi. Bu siyasət təxminən 120 ildir davam edir. Dəqiq məlumatım yoxdur, amma müəyyən məxfi razılaşmaların olması mümkündür”.

Professorun fikrincə, Venesuela prezidenti Maduronu Kuba qüvvələrinin qorumasına baxmayaraq, ABŞ xüsusi təyinatlılarının onu və həyat yoldaşını sanki yuxudan oyadaraq aparması ciddi suallar doğurur.

C. Nuriyev hesab edir ki, Maduronun ABŞ-da məhkəmə qarşısına çıxarılması hüquqi baxımdan anlaşılan deyil:

“Beynəlxalq Cinayət Məhkəməsi və digər hüquqi instansiyalar olduğu halda, Venesuela prezidentinin ABŞ-da mühakimə olunması izaholunmazdır. Axı Venesuela heç ABŞ-ın müstəmləkəsi də olmayıb. Mənim qənaətimə görə, cənab Tramp ilk növbədə biznesmendir. Bəziləri ABŞ və demokratiya kimi anlayışlara kor-koranə inanır. Halbuki burada heç vaxt demokratiya məsələsi olmayıb, əsas məsələ həmişə iqtisadi maraqlar olub”.

Professor sonda bildirib ki, Maduronun həyat yoldaşı ilə birlikdə Karakasdan aparılması dünyada təhlükəli presedent yaradır:

“Bu, gələcəkdə Çinin Tayvana müdaxiləsi kimi addımlara da zəmin yarada bilər. Şübhəsiz ki, növbədə olan başqa dövlətlər və siyasi fiqurlar da var. Məncə, ilk hədəf İran ola bilər. Eləcə də Kolumbiya. Tramp faktiki olaraq bir şəxsi götürməklə bütöv bir dövləti nəzarətə aldı. Bu əməliyyata 3-5 milyon dollar xərclənibsə, qarşılığında on milyardlarla qazanc əldə olunacaq. Rusiya hazırda zəif durumdadır, Çin isə bu məsələdə real addım ata bilməz. İrandakı vəziyyət də hər kəsə məlumdur. ABŞ bütün bu prosesləri mərhələli şəkildə hazırlayıb və sonda məqsədinə çatıb”.

Nemət ORUCOV

Reyting.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
reyting.az

1Mənbələr