AZ

"Rusiya ilə münasibətdə olan heç bir ölkə xoş və firavan bir şərait yarada bilmir" - Akif Nağı

"Dünyada gedən proseslərə iki mövqedən dəyər verməliyik. Birincisi, hazırda mürəkkəb proseslər gedir, ortada hələ tam şəkildə formalaşmış yeni bir düzən yoxdur. Hələlik çalxalanma prosesi gedir və təlatümlü hadisələr davam edir. Təkcə Amerikanın Venesueladakı hərəkətləri deyil, ümumiyyətlə, dünyada - bir tərəfdən İranda, Yaxın Şərqdə, Ukrayna-Rusiya arasında gedən proseslər göstərir ki, hər yerdə müəyyən dəyişikliklər gözlənilir. Bu proseslərin necə nəticələnəcəyini isə ondan sonra demək və rəy bildirmək mümkün olacaqdır".

Bu fikirləri Redaktor.az-a ABŞ-nin Venesuelada keçirdiyi hərbi əməliyyat haqqında danışan politoloq Akif Nağı bildirdi. Onun fikrincə, dünyanın maraqları mövqeyindən yanaşdıqda diktatura rejimlərinə son qoyulmalıdır:

"Ona görə də Maduronun orada bu cür qanun pozuntuları ilə hakimiyyətdə qalması, ölkənin bir şəxsin iradəsi ilə idarə olunması, istədiklərinə cəza verməsi, istədiklərini azad etməsi, istədikləri ilə xoş münasibətlər qurması qəbuledilməzdir. Ən vacib məsələ isə əhalinin vəziyyətidir. Venesuela ən azından neft ehtiyatlarına görə, dünyanın ən varlı ölkələrindən biri olmalı idi. Dünyada neft ehtiyatlarına görə birinci yerdə dayanır və dünya neft ehtiyatlarının 18 faizi bu ölkənin payına düşür. Bütün bu varidat, imkanlar və sərvətlərlə ölkə çox acınacaqlı və kasıb vəziyyətdə yaşayırdı. Demokratik prinsiplər mövcud deyil, mətbuat azadlığı yoxdur, azad çıxış imkanları yoxdur, düzgün seçkilər keçirilmir. Bu rejimin bu şəkildə idarə olunması normal deyil, anormal bir haldır və orada normal bir vəziyyət yaranmalı idi. Hesab edirəm ki, bu, Rusiyanın diktəsi ilə yaşadıqlarına görə belə idi. Rusiya ilə münasibətdə olan heç bir ölkə xoş və firavan bir şərait yarada bilmir. Rusiya yalnız onların var-dövlətini talamaqla məşğuldur və bunun müqabilində guya Amerikanın təzyiqlərindən və təhlükələrindən qoruyacağını bildirir, lakin bunu da etmədi və etmək istəmədi. Ona görə də məsələ bu tərəfdən ondan ibarətdir ki, bu cür rejimlər getməlidir"

Müsahibimiz bu prosesin necə həyata keçdiyindən də bəhs etdi.

"Ölkənin daxilində sağlam qüvvələrə dəstək verməklə də bu proses davam etdirilə bilərdi və Maduronun hakimiyyətdən uzaqlaşdırılması ölkənin öz daxilində gedən proseslərin nəticəsi ola bilərdi. Təəssüf ki, belə olmadı. Amerika Prezidenti Tramp özü də özünü bir diktator, hətta dünya diktatoru kimi apardı. Bu, “mən hansı ölkədə nə istəyirəmsə, onu da edirəm” yanaşmasıdır və çox qorxulu bir tendensiyadır. Bu, qəbul olunan bir variant deyil. Bu tərəfi üzərində də dünya düşünməli və etiraz etməlidir. Amerikanın öz daxilində də, digər bəzi ölkələrdə də bu hərəkətlə bağlı etirazlar mövcuddur. Bu məsələdə bir məqam da qeyd olunmalıdır ki, Trampın hərəkəti, mənim hesabıma görə, eyni zamanda Rusiyanın mövqeyinə qarşı idi. Bu, Rusiya və Çin üçün bir çağırış, bir xəbərdarlıq idi ki, “sizin nəzarətinizdə olan bir ölkədə belə mən istədiyimi həyata keçirə bilirəm”. Hesab edirəm ki, bu, müsbət tendensiya kimi də dəyərləndirilə bilər. Rusiya buna ciddi müqavimət göstərə bilmədi, etiraz etsə də, bu, söz səviyyəsində qaldı. Çin isə Maduronun və həyat yoldaşının dərhal azad olunması tələbi ilə çıxış etdi ki, bu da ciddi hadisə kimi qiymətləndirilə bilməz.

Məsələnin ikinci tərəfi isə Azərbaycanın maraqları mövqeyindən qiymətləndirilməsidir. Biz bu proseslərə həm dünyanın maraqları prizmasından, həm də Azərbaycanın maraqları baxımından yanaşmalıyıq. Azərbaycanın Amerika ilə müttəfiqlik və əməkdaşlıq əlaqələri var. Bildiyiniz kimi, bu hadisələr baş verən zaman Azərbaycanda ABŞ-dən sanballı bir nümayəndə heyəti də var idi. Cənab Prezident onları qəbul etdi və aralarında müəyyən görüşlər və müzakirələr oldu. Əvvəlki Bayden administrasiyası ilə müqayisədə Tramp administrasiyası regionda özünün ən əsas tərəfdaşı kimi Azərbaycanı görür", - deyə Akif Nağı əlavə etdi.

Nuriyyə NATİQQIZI

Seçilən
55
redaktor.az

1Mənbələr