Dekabrın 31-də Finlandiya sahillərində lövbər salan “Fitburg” gəmisi Elisa telekommunikasiya şirkətinə məxsus sualtı rabitə kabelini zədələyib.
Helsinki Məhkəməsi gəminin heyət üzvlərindən birinin həbsinə qərar verib.
“Helsinki Times”ın məlumatına görə, həbs olunan şəxs Azərbaycan vətəndaşıdır. Onunla yanaşı, Rusiya vətəndaşı olan digər heyət üzvünün ölkədən çıxışına qadağa qoyulub, ümumilikdə üç nəfərin Finlandiya daxilində hərəkəti məhdudlaşdırılıb.
Gəminin heyəti Rusiya, Qazaxıstan, Azərbaycan və Türkiyə vətəndaşlarından ibarətdir. Həbs edilən Azərbaycan vətəndaşının hadisədə rolu məhkəməyəqədər məxfilik prinsipi əsasında açıqlanmır. Finlandiya Milli İstintaq Bürosu (KRP) gəmidən toplanan sübutların təhlilinin bir neçə həftə çəkəcəyini, istintaq davam etdiyi müddətdə gəminin limanda qalacağını bildirib.
Müstəntiqlər işi əhəmiyyətli əmlak ziyanı, bu cür ziyana cəhd və telekommunikasiyaya icazəsiz müdaxilə şübhələri ilə araşdırırlar. Polis qeyd edib ki, istintaq irəlilədikcə ittihamlar dəyişə bilər. İlkin məlumatlara görə, kapitan və digər heyət üzvləri hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir.
Məhkəmə ekspertlərinin apardığı sualtı araşdırmalar zamanı Finlandiya ilə Estoniya arasındakı kabelin zədələndiyi ərazidə gəminin lövbərinin dəniz dibi ilə on kilometrlərlə məsafə qət etdiyi müəyyən edilib. Finlandiya hakimiyyəti lövbər və zəncirin kabelə qədər süründüyünə inanmaq üçün əsasların olduğunu açıqlayıb. Ziyanın tam miqyasının müəyyənləşdirilməsi üçün Estoniya ilə birgə tədqiqatlar davam edir.
Qeyd edək ki, Sent-Vinsent və Qrenadin bayrağı altında üzən “Fitburg” gəmisi Rusiyadan İsrailə polad məhsulları daşıyırdı. Gəmi Finlandiya Sərhəd Mühafizəsinin helikopterləri və patrul gəmiləri tərəfindən izlənilib, daha sonra xüsusi təyinatlı qüvvələr tərəfindən nəzarətə götürülüb. Hadisə Baltik dənizində son dövrlər artan “hibrid təhdidlər” fonunda baş verib. Finlandiya rəsmiləri kabelin zədələnməsinin adi rabitəyə ciddi təsir göstərmədiyini vurğulayıblar.
Musavat.com