Bakı, 5 yanvar, AZƏRTAC
İngiltərənin “Mançester Yunayted” komandasının istefaya göndərilən baş məşqçisi Ruben Amorim antirekorda imza atıb.
AZƏRTAC “Opta”ya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis klubun Premyer Liqa tarixində (1992-ci ildən bu yana) ən aşağı qələbə faizinə malik çalışdırıcısı olub.
“Qırmızı şeytanlar” Amorimin rəhbərliyi altında çempionat oyunlarının cəmi 32 faizində qələbə qazanıblar. Bu, klubun son 30 ildə ən zəif göstəricisidir. Bundan əlavə, Amorim dönəmində komanda “quru oyunlar” üzrə də ən aşağı nəticəyə (15 faiz) imza atıb.
Hazırda “Mançester Yunayted” Premyer Liqada 31 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Komanda lider “Arsenal”dan 17 xal geri qalır.