AZ

Venesueladakı hadisələr fonunda NEFT ŞİRKƏTLƏRİNİN SƏHMLƏRİ VƏ QİYMƏTLİ METALLAR BAHALAŞIR

Venesuelada baş verən son siyasi hadisələr qlobal maliyyə bazarlarında dərhal əks-səda doğurub. ABŞ prezidenti Donald Trampın Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilməsindən sonra ölkənin faktiki olaraq ABŞ-ın nəzarəti altına keçdiyini bəyan etməsi investorların davranışına ciddi təsir göstərib. Xüsusilə enerji sektoru və qiymətli metallar bazarında kəskin qiymət artımları müşahidə olunub.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Bildirilir ki, ABŞ-ın aparıcı neft şirkətlərinin səhmləri bazar ertəsi günü ticarətin ilk saatlarından etibarən yüksəliş nümayiş etdirib. Chevron Corp. səhmləri 13% bahalaşaraq 170 dollar səviyyəsini keçib. Qiymət qısa müddətli korreksiyadan sonra bir müddət sonra 167 dollar ətrafında qərarlaşıb. ExxonMobil Corp. səhmləri də artım trendini davam etdirərək 127 dollara (+4%) çatıb. ConocoPhillips isə təxminən 8% bahalaşaraq 104 dollar səviyyəsində ticarət olunub.

Analitiklərin fikrincə, Venesuelada neft hasilatı və ixracı ilə bağlı qeyri-müəyyənlik, eyni zamanda, ABŞ şirkətlərinin bu prosesdə potensial rolunun artması investorların enerji sektoruna marağını gücləndirib.

Eyni zamanda, geosiyasi risklərin artması fonunda qiymətli metallara tələbat da yüksəlib. Qızılın spot qiyməti bir unsiya üçün 4438 dollara qədər qalxıb, günün ikinci yarısında isə 4422 dollar səviyyəsində (+2%) ticarət olunub. Comex birjasında fevral fyuçersləri də 2%-dən çox artaraq 4433 dollara yüksəlib.

Gümüş bazarında daha kəskin hərəkətlər qeydə alınıb. Spot qiymət 76 dolları keçdikdən sonra qısa korreksiya ilə 75 dollardan aşağı düşsə də, sonradan yenidən artım nümayiş etdirib və ümumi gündəlik artım 4,5% təşkil edib. Platin 2232,35 dollara qədər (+5,4%) bahalaşıb, palladium isə təxminən 1700 dollar səviyyəsində (+2%) ticarət olunub.

Mütəxəssislər hesab edirlər ki, Venesuela ətrafında vəziyyət sabitləşməyənədək enerji bazarlarında və qiymətli metallarda dalğalanmalar davam edə bilər. İnvestorlar isə bu dövrdə ənənəvi olaraq risklərdən qorunma aləti kimi qızıl və digər dəyərli metallara üstünlük verirlər.

Seçilən
73
ikisahil.az

1Mənbələr