Son günlər dünya siyasətində ən aktual məsələ ABŞ-nin Venesuelada həyata keçirdiyi hərbi əməliyyatdır. Hərbi əməliyyat nəticəsində isə ölənlərin sayı 80 nəfərə çatıb.
ABŞ tərəfindən Venesuelada keçirilən hərbi əməliyyatı Redaktor.az-a şərh edən hərbi ekspert, polkovnik Üzeyir Cəfərovun sözlərinə görə, burada müxtəlif yanaşmalar var:
"Mən əsasən beynəlxalq hüquq və normaların kobud pozulmasını qeyd edərdim. Amma bu addımda müsbət məqamlar da var. Müsbət məqam ondan ibarətdir ki, bəzi diktatorlar illərlə vəzifədə otururlar. Onlar xalqla aralarında olan uçurumu görmürlər və nəticədə də ölkə daxilində çox böyük iqtisadi-siyasi təlatümlər baş verir. Venesuela belə ölkələrdən biri idi. İndi bundan sonra necə olacaq deyə bilmərəm. Diktatorlar özlərini heç də rahat hiss etməməlidirlər".
Polkovnik keçirilən hərbi əməliyyatın mənfi tərəfindən də danışdı.
"Mənfi tərəf başqa bir dövlətin - hansı dövlət olmasından asılı olmayaraq - müstəqil bir ölkənin ərazisinə təcavüz etməsidir. Bu, əlbəttə ki, bəzi qüvvələri şirnikləndirəcək. Necə ki, bu gün Rusiya Ukrayna ərazisinə təcavüz edib, 4 ilə yaxındır ki, gecə-gündüz Ukraynanı bombalayır, gecə-gündüz insanlar həyatını itirir. ABŞ-nin Venesuelada həyata keçirdiyi hərbi əməliyyat hələ çox müzakirə olunacaq, çox dartışılacaq. Bəzi ölkələr buna BMT Nizamnaməsi çərçivəsində yanaşır, bəzi ölkələr bunu kobud dəyərləndirirlər. Mən də o sıradayam. Bunu bir başqa formada etmək haqqında düşünmək lazım idi, amma Amerika bu formada həyata keçirtdi.
Venesuelanın artıq demək olar ki, sabiq prezidenti Nikolas Maduro məhkəmə qarşısına çıxarılacaq. Düzdür, Amerika onu narkotik ticarətində günahlandırır, amma onun başqa cinayətləri də var. Məhkəmə yəqin ki, onun həbsi ilə bağlı qərar verəcək. Qarşıdakı günlərdə, qarşıdakı həftələrdə mən hesab edirəm ki, dünya siyasətində çox böyük təlatümlər olacaq.
ABŞ Kolumbiya, Meksika və İranı hədələyib. Kolumbiya Prezidenti Gustavo Petronun təkidi ilə BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Bu həftə siyasət aləmində çox gərgin müzakirələrlə müşayiət olunacaq", - deyə Üzeyir Cəfərov qeyd etdi.
Aytəkin TOFİQQIZI