Toronto Universitetinin alimləri dağınıq sklerozun (multiple skleroz) proqressiv formasının inkişafını göstərən yeni immun biomarker müəyyən ediblər.
Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri "Nature Immunology" jurnalında dərc olunub.
Məlumata görə, immun sisteminə aid iki molekulun CXCL13 və BAFF-ın nisbəti xəstəliyin ağır və proqressiv gedişini proqnozlaşdırmağa imkan verir.
Dağınıq skleroz dünyada ən geniş yayılmış nevroloji xəstəliklərdən biridir. Xəstələrin təxminən 10 faizində xəstəlik elə başlanğıcdan proqressiv forma alır və simptomlar tədricən, lakin davamlı şəkildə ağırlaşır. Retsidiv-remissiv forma ilə yaşayan xəstələrin bir hissəsində də zamanla proqressiv mərhələyə keçid müşahidə olunur. Məhz bu mərhələdə effektiv müalicə üsulları demək olar ki, mövcud deyil.
Alimlər tədqiqat zamanı beyin qişalarında baş verən və xəstəliyin proqressivləşməsində əsas rol oynadığı hesab edilən leptomeningeal iltihaba fokuslanıblar. Məlum olub ki, bu iltihabın səviyyəsi CXCL13 və BAFF molekullarının nisbəti ilə birbaşa əlaqəlidir.
Araşdırma çərçivəsində həm dünyasını dəyişmiş xəstələrin beyin toxumaları, həm də canlı pasiyentlərin onurğa beyni mayesi analiz edilib. Hər iki halda CXCL13/BAFF nisbətinin yüksək olması proqressiv gedişə xas olan güclü iltihab prosesi ilə əlaqələndirilib.
Tədqiqatın rəhbəri, immunoloq Valeriya Ramalya bildirib ki, retsidiv formalarında immun sisteminə təsir göstərmək mümkün olsa da, proqressiv dağınıq skleroz zamanı effektiv müalicə üsulları hələ də yoxdur.
“Etibarlı markerlərin olmaması klinik sınaqlar üçün düzgün pasiyent seçiminə mane olurdu. Bu isə potensial təsirli dərmanların səmərəsiz görünməsinə səbəb ola bilərdi”.
Alimlərin fikrincə, yeni marker gələcəkdə həm xəstəliyin erkən mərhələdə müəyyənləşdirilməsinə, həm də daha effektiv müalicə strategiyalarının hazırlanmasına imkan yarada bilər.
Nuriyyə NATİQQIZI