AZ

Silahdaşı Şirin Mirzəyevin doğum günündə onun həlak olduğu yeri ziyarət edib

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, mərhum alay komandiri, Azərbaycan Milli Ordusunun qurucularından biri, polkovnik-leytenant, şəhid Şirin Mirzəyevin doğum günüdür.

Qaziler.az xəbər verir ki, bu münasibətlə Ş.Mirzəyevin yaxınları, döyüşçü dostları və ailə üzvləri onun Şəhidlər Xiyabanındakı məzarını ziyarət ediblər. Milli Qəhrəmanın ruhuna dualar oxunub.

Ziyarətçilər Ş.Mirzəyevin döyüş yolundan, onun Azərbaycanda milli ordu quruculuğundakı rolundan, Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqdan danışıblar. 

Hazırda Ağdamda olan qazi, Şirin Mirzəyevin silahdaşı Rey Kərimoğlu Qaziler.az-a bildirib ki, Milli Qəhrəmanın Ağdam - Ağdərə istiqamətində 5 nəfər silahdaşı ilə birlikdə minaya düşərək həlak olduğu yeri ziyarət edib, komandirinin xatirəsini anıb.

Xatırladaq ki, Ş.Mirzəyev 1947-ci il yanvarın 5-də Xankəndində anadan olub. 1967-ci ildə Sankt-Peterburq Ali Siyasi Hərbi Məktəbini, 1988-ci ildə Hərbi Siyasi Akademiyanı bitirib. Uzun illər Sovet ordusunda xidmət edib. O, 1991-ci ildə Azərbaycanda ilk nizami özünümüdafiə taboru yaradıb. Alay komandiri kimi Ağdam rayonun müdafiəsində, ayrı-ayrı yaşayış məntəqələrinin erməni quldurlarından təmizlənməsində böyük qəhrəmanlıq göstərib.

Polkovnik- leytenant Şirin Mirzəyevin döyüş yolu ən ağır bölgələrdən keçib. Onun sərkərdəlik qabiliyyəti sayəsində Naxçivanik, Pircamal, Ağbulaq, Dəhraz, Fərrux, Qaraşlar, Bəşirli, Sırxavənd, Ballıqaya və digər kəndlər erməni quldurlarından azad edilmişdi. O, Ağdam rayonunun 120 kilometrlik cəbhə xətti ilə yanaşı, qonşu rayonların da bir sıra mühüm yaşayış məntəqələrinin erməni quldurlarından müdafiəsinə rəhbərlik edib.

Hər il yanvarın 5-də və iyunun 20-də Ş.Mirzəyevin yaxınları, döyüşçü dostları və ailə üzvləri onun Şəhidlər Xiyabanındakı məzarını ziyarət edirlər.

Qeyd edək ki, 18 iyun 1992-ci ildə Şirin Mirzəyevlə yanaşı 708 saylı briqadanın tank komandiri baş leytenant Qahir Hüseynovun (Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib - red), 836 saylı alayın kəşfiyyat dəstəsinin (xüsusi təyinatlı hücum dəstəsinin - red.) komandiri leytenant Yavər Babayevin, Mübariz və Araz Mirzəyevin (hər ikisi Şirin Mirzəyev nəslinin nümayəndəsidir) şəhid olub.

Ş.Mirzəyev  iyunun 20-də Bakıda Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra o, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

QAZİLER.AZ
 

Seçilən
107
qaziler.az

1Mənbələr