Bakı, 5 yanvar, AZƏRTAC
Süni intellektin tətbiqinin bütün sahələrdə məhsuldarlığa əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcəyi və inflyasiyanı azaldacağı proqnozlaşdırılır. Lakin, eyni zamanda, qısa müddətdə süni intellekt infrastrukturuna böyük investisiyalar digər iqtisadi fəaliyyətləri sıxışdıra bilər.
AZƏRTAC xəbər verir ki, cari ildə daha çox diqqətçəkən iqtisadi risk məhz süni intellektlə bağlıdır.
Süni intellektin iqtisadi təsiri daha aydın olduqca, bu sahəyə investisiyalar artır. Ekspertlər isə süni intellektdən “pul qazanma”nın qeyri-müəyyən olması barədə xəbərdarlıq edirlər.
Bundan başqa, süni intellektə investisiyalar dövlət və özəl sektor üçün yüksək borc riski yaradır ki, bu da geosiyasi risklər fonunda qlobal iqtisadiyyatda narahatlıqları artırır.
Əsasən dövlət borclanması ilə əlaqəli olaraq, həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan bazarlarda borc səviyyələri rekord göstəricilərə çatıb. Hesablamalara görə, ötən ilin üçüncü rübündə ümumi qlobal borc təxminən 346 trilyon dollara yüksəlib. Ötən ilin ilk üç rübündə isə ümumi qlobal borc 26,4 trilyon dollardan çox artıb. Bu dövrdə ümumi borcun qlobal ÜDM-ə nisbəti 310 faizə çatıb.