Yenicə yola saldığımız 2025-ci il dünyada parlaq qələbələr və ya böyük barışıqlar ili kimi yadda qalmayıb. Lakin bu, insani, iqtisadi və siyasi cəhətdən sınaqlar və dözümlülük ili olub. Beynəxalq media ötən ilin 12 əsas dünya hadisəsini araşdırıb. Bunların arasında ABŞ və
Azərbaycan prezidentləri və
Ermənistanın Baş
nazirinin Yerevan və
Bakı arasındakı münaqişənin sülh yolu ilə həlli ilə bağlı birgə
bəyannamə imzalaması faktı da
yer alıb.
Yanvar:
İlin qayıdışı
Yanvarın 20-də Vaşinqtonda ABŞ-nin 47-ci Prezidenti Donald
Trampın andiçmə mərasimi keçirilib. Bu, Trampın ikinci prezidentlik müddətidir. O, andiçmə çıxışında ABŞ-ni dünyada birinci yerə çıxaracağına, amerikalıları böyük və güclü bir millətə çevirəcəyinə və bir sıra tarixi icra sərəncamları imzalayacağına
söz verib.
"Amerikanın qızıl dövrü indi başlayır. Ölkəmiz dünyanın qalan hissəsinin həsədinə səbəb olacaq şəkildə çiçəklənəcək", - Tramp bəyan edib.
Fevral:
Diplomatik fəlakət
Bütün dünya fevralın 28-də Ağ Evdə baş verən hadisədən sonra ABŞ-Ukrayna münasibətlərinin necə inkişaf edəcəyini maraqla və həyəcanla izləyib. Ukrayna Prezidenti Volodimir Zelenski,
ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Cey Di Vens
arasında canlı yayımlanan görüş qızğın mübahisəyə çevrilib.
Dövlət başçılarının ABŞ-yə Ukraynada nadir
torpaq metallarının hasilatına icazə verən razılığa gəlməsi gözlənilirdi. Lakin qalmaqal baş verdi və danışıqlar ictimai mübahisəyə çevrildi. Tramp
Zelenskini hörmətsizlikdə, ABŞ-yə qarşı minnətdarlıq etməməkdə və müharibəni bitirmək istəməməkdə günahlandırdı. Nəticədə Ukrayna nümayəndə heyətindən Ağ Evi tərk etmələri tələb olundu və razılaşma imzalanmadı.
Mart:
İlin faciəsi
Martın 28-də səhər Myanmada 7,7 bal gücündə dağıdıcı zəlzələ baş verdi. Bu, son 80 ilin ən güclü zəlzələsi idi. İlkin zəlzələdən sonra 12 afterşok qeydə alındı. Tailand və bir neçə qonşu ölkənin sakinləri yeraltı təkanların təsirini hiss etdilər. Banqkokda tikilməkdə olan 30 mərtəbəli bina uçdu.
Zəlzələ nəticəsində Myanmada ən azı 5300, Tailandda isə 36 nəfər həlak olub, 7000-dən çox insan yaralanıb.
Aprel:
Ticarət müharibəsi
Aprelin 2-də Donald Tramp ABŞ-nin Avropa Birliyindən idxal edilən mallara 20 faiz,
Çindən idxal edilən mallara isə 34 faiz tarif tətbiq edəcəyini açıqladı. ABŞ administrasiyasının idxalına tarif tətbiq etdiyi ölkələrin siyahısında Böyük Britaniya, Yaponiya, Çin,
Ukrayna və Aİ də daxil olmaqla 185 ölkə var idi, lakin Rusiya və Belarus orada yer almamışdı. Amerika lideri daha sonra bir neçə ölkə üçün tarif dərəcələrini tənzimlədi.
"Biz
Amerikanı yenidən böyük və varlı edəcəyik. Ölkəmiz 50 ildən çoxdur ki, qarət edilir. Bu, bir daha baş verməyəcək", - deyə Tramp bildirib.
Dekabr
ayında ölkənin Gömrük və Sərhəd Mühafizəsi ABŞ-nin daha yüksək idxal rüsumlarının tətbiqindən 200 milyard dollar topladığını bildirib.
May:
İlin itkisi
Aprel
ayında Vatikana 12 il
rəhbərlik etmiş Papa Fransisk 88 yaşında vəfat edib. May ayında isə 69 yaşlı amerikalı kardinal Robert
Prevost Roma Katolik Kilsəsinin yeni rəhbəri seçilib. O, amerikalı ilk Papa oldu və XIV Leo adını aldı.
İyun: İlin hücumu
İsrail İranın nüvə və raket infrastrukturuna genişmiqyaslı hücum edib. Hücumlar nəticəsində
İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbəri də daxil olmaqla bir neçə yüksək
rütbəli general və nüvə alimi həlak olub. Hücumlara cavab
olaraq İran İsrailə dronlar və ballistik raketlər atıb.
İyul: İlin ultimatumu
İyulun 2-də İran Prezidenti Məsud Pezeşkian ölkənin Beynəlxalq Atom
Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığını dayandıran qanun imzalayıb. Tehran müfəttişlərin
ölkəyə yalnız MAQATE-nin ABŞ və İsrailin İranın nüvə obyektlərinə hücumlarını
pisləməsindən sonra daxil olacağını bildirdilər. İranın nüvə obyektlərinin və nüvə alimlərinin təhlükəsizliyinin
təmin edilməsi əməkdaşlığın bərpası üçün şərt kimi göstərildi.
Avqust: İlin danışıqları
Əsas qlobal hadisələrdən biri Rusiya və ABŞ prezidentləri arasında danışıqlar
idi. Vladimir Putin və Donald Tramp Alyaskanın Ankoric şəhərindəki Elmendorf-Riçardson
Hərbi Hava Qüvvələri Bazasında üçsaatlıq görüş keçirdilər. Ukraynadakı vəziyyət
əsas mövzu idi.
Elə həmin ay ABŞ və Azərbaycan prezidentləri Donald Tramp və İlham Əliyev və Ermənistanın Baş naziri Nikol
Paşinyan Yerevan və Bakı arasındakı münaqişənin sülh yolu ilə həlli
ilə bağlı birgə bəyannamə imzaladılar.
Sentyabr: Z nəsli inqilabı
Nepal hökuməti sentyabrın 4-dən etibarən
ölkədə WhatsApp, Facebook və İnstaqrama girişi tamamilə məhdudlaşdırdı. Bu,
Nepalda kütləvi etirazlarla nəticələndi. Gənclər hökumətlərinin bu qərarından məmnun
deyildilər. "Z nəsli inqilabı" adlandırılan etiraz aksiyası minlərlə
iştirakçını cəlb etdi. Sentyabrın 9-da hökumət sosial
mediaya qoyulan qadağanı ləğv etmək qərarına gəldi.
Oktyabr: İlin soyğunu
Oktyabrın 19-da Parisdəki Luvr Muzeyində soyğunçuluq hadisəsi baş
verdi. Muzeyin açılış səhəri oğrular Apollon qalereyasına pəncərədən girdilər, iki vitrini sındırdılar
və 88 milyon avro dəyərində səkkiz zərgərlik əşyası oğurladılar. Bunlar
Napoleonun, həyat yoldaşının və varislərinin tac daş-qaşları idi. Şübhəlilər həbs olundu, lakin oğurlanmış əşyalar
hələ tapılmayıb.
Noyabr: Ən ölümcül yanğın
Honkonqdakı Vanq Fuk Kort yaşayış kompleksində baş verən yanğın nəticəsində
161 nəfər həlak oldu, 79 nəfər yaralandı və təxminən 30 nəfər itkin düşdü.
Yanğın səkkiz binadan yeddisini əhatə etdi və tez bir zamanda xarici
hissədəki yanan materiallar vasitəsilə yayıldı. Hadisə yerində 2000-dən çox
xilasedicinin çalışdığı 5-ci səviyyəli yanğın kimi təsnif edilən yanğının
söndürülməsi 40 saat çəkdi. Vanq Fuk Kort kompleksi 1983-cü ildə inşa edilmiş və
təxminən 4600 sakinin yaşadığı 1984 mənzildə yerləşirdi.
Dekabr: İlin terror hücumu
Xanuka bayramı şənlikləri zamanı Sidneydəki Bondi çimərliyində
iki silahlı şəxs atəş açaraq 15 nəfəri öldürüb, 40 nəfəri yaralayıb. Şübhəlilər
50 yaşlı Səcid Əkrəm və oğlu 24 yaşlı Nəvid Əkrəmdir. İstintaqa görə, terrorçular yəhudi bayramına
hücumu əvvəlcədən planlaşdırıblar.
Rizvan CƏFƏROV,
"Azərbaycan"