Xankəndidə iş icazəsi alınmadan 12 Türkiyə vətəndaşını işlədən şirkət 30 min manat məbləğində cərimə edilib.
KONKRET.az xəbər verir ki, bununla bağlı Dövlət Miqrasiya Xidməti protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərib.
Məhkəmədə bildirilib ki, 04 noyabr 2025-ci il tarixdə Xidmətin əməkdaşları tərəfindən 12 nəfər Türkiyə Respublikası vətəndaşı – Çakmak Mehmet, Ertas Serdar, Ekınçı Bilal, Basakıl Güven, Yığıt Tamer, Çetin Gökhan, Tas Murat, Arslan Bakır, Yılmaz Yusuf, Koçak Mustafa, Habıl Karadoğan və Çetın Abdullah barəsində araşdırma aparılıb.
Araşdırma nəticəsində yuxarıda adları qeyd edilən əcnəbilərin Xankəndi şəhərində şirkət tərəfindən iş icazəsi tələb olunduğu halda, belə icazə olmadan haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunduqları məlum olub.
Şirkətin icraçı direktoru Günel Əlizadə yuxarıda adları qeyd edilən əcnəbilərin müxtəlif vəzifələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduqlarını yazılı izahatında bildirib.
Həmçinin adları qeyd edilən əcnəbilərin hər biri öz yazılı izahatlarında qeyd edilən faktı təsdiq ediblər.
Nəticədə məhkəmə əvvəlki adı “Business Tex JV” olan şirkəti 30 min manat məbləğində cərimə edib.
Ağagül Mürsəlov,
KONKRET.az