Bakı, 5 yanvar, AZƏRTAC
“Qarabağ” klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak etməsi Azərbaycan futbolu üçün böyük uğurdur və bu nailiyyət yüksək qiymətləndirilməlidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.
Onun sözlərinə görə, hər komandanın müəyyən gücü var, amma “Qarabağ” bu gücdən də artıq oyun göstərib və Azərbaycanı Avropada layiqincə təmsil edib: “Bu uğur ilk növbədə baş məşqçi Qurban Qurbanovun qətiyyətli və peşəkar rəhbərliyinin nəticəsidir. Onun komandanı dünyasəviyyəli brendə çevirməsi təqdirəlayiqdir. Komandanın üzvləri də yüksək fədakarlıq nümayiş etdirərək, çətin oyunlarda belə, keyfiyyətli futbol oynayıb və iki qələbə qazanıblar ki, bu da Çempionlar Liqası səviyyəsində asan məsələ deyil. Komandanın növbəti mərhələyə yüksəlmək şansı var. Bu reallaşmasa belə, “Qarabağ” artıq Azərbaycanın adını layiqincə təmsil edib və maksimum nəticə göstərib”.
F. Mustafa bildirib ki, “Qarabağ”ın oyun səviyyəsi və idman əzmi artıq gözləntiləri də üstələyib: “Nəticə hər şey demək deyil. Əsas olan belə yüksək səviyyədə rəqabət aparmaq və ölkənin imicini yüksəltməkdir. Ümid edirəm ki, nəticədən asılı olmayaraq, “Qarabağ” Azərbaycan futbolunun beynəlxalq aləmdə nüfuzunu artırmağa davam edəcək”.
Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının liqa mərhələsində Portuqaliya “Benfika”sına 3:2, Danimarka “Kopenhagen”inə 2:0 hesabı ilə qalib gəlib. "Köhlən atlar", həmçinin İngiltərənin "Çelsi" klubu ilə heç-heçə (2:2) edərək aktivinə 7 xal yazdırıb və turnir cədvəlində 22-ci pillədə qərarlaşıb. Komanda yanvarın 21-də evdə Almaniyanın “Ayntraxt”, ayın 29-da isə səfərdə İngiltərənin "Liverpul" kollektivi ilə qarşılaşacaq.