Son illər genetika və biotexnologiya sahəsində aparılan tədqiqatlar yaşlanmaya elmi yanaşmanı dəyişməkdədir. Alimlər bu prosesi artıq qaçılmaz son yox, idarə oluna bilən bioloji mexanizm kimi araşdırırlar.
Müasir elmin gəldiyi nəticəyə görə, yaşlanma insan bədəninin sıradan çıxması deyil, hüceyrə səviyyəsində tənzimləmənin pozulmasıdır. Zaman keçdikcə hüceyrələrin özünü bərpa mexanizmləri zəifləyir, DNT-nin oxunuşu pozulur, immun sistemində funksional yorğunluq yaranır və senescent – artıq bölünməyən, lakin ölməyən hüceyrələr toxumalarda toplanaraq orqanların fəaliyyətini zəiflədir. Alimlər hesab edirlər ki, bu mexanizmlərə müdaxilə etməklə bioloji yaşı müəyyən qədər geri çəkmək mümkündür.
2025-ci ildə Çin alimlərinin makak meymunları üzərində apardığı tədqiqat bu yanaşmanın praktik nəticə verdiyini göstərib. Modifikasiya olunmuş insan kök hüceyrələrinin tətbiqi nəticəsində yaşlı primatlarda beyin hüceyrələrinin bioloji yaşının 6–7 il, reproduktiv hüceyrələrin yaşının isə təxminən 5 il azaldığı müəyyən edilib. Bu nəticələr yaşlanmanın qismən geri çəkilə biləcəyini göstərən ilk ciddi primat modeli kimi qiymətləndirilir.

Lakin mövzuya tibbi prizmadan yanaşan tanınmış həkim, professor Adil Qeybulla NOCOMMENT.az-a bildirib ki, əldə olunan elmi nailiyyətlər düzgün təqdim olunmadıqda cəmiyyətdə yanlış gözləntilər yarana bilər.
Onun sözlərinə görə, yaşlanmanın biologiyası həddən artıq mürəkkəbdir və bu prosesi “tam geri çevirmək” anlayışı hazırkı mərhələdə elmi termin sayılmır.
“Bu gün elm yaşlanmanı ləngidə, müəyyən toxuma və sistemlərin funksiyasını yaxşılaşdıra bilir. Amma insanı bütövlükdə gənclik dövrünə qaytarmaqdan danışmaq tezdir”, – deyə professor vurğulayıb.
Adil Qeybulla bildirir ki, sosial şəbəkələrdə və bəzi kommersiya layihələrində yayılan “əbədi gənclik” vədləri elmi nəticələrlə uzlaşmır.
Onun sözlərinə görə, yaşlanmaya qarşı mübarizə uzunmüddətli, mərhələli və ciddi tibbi nəzarət tələb edən prosesdir:
“Hazırda real olan odur ki, sağlam qocalma mümkündür. Yəni insanın yaşlandıqca funksional imkanlarını qorumaq, xroniki xəstəliklərin qarşısını almaq və həyat keyfiyyətini yüksəltmək olar. Bu isə artıq böyük tibbi nailiyyətdir”.
Professor yaşlanma əleyhinə müdaxilələrin gələcəkdə etik və sosial problemlər yarada biləcəyinə də diqqət çəkir.
Onun fikrincə, bu texnologiyalar nəzarətsiz tətbiq olunarsa, tibbin humanist prinsiplərinə zidd nəticələr ortaya çıxa bilər:
“Əgər bu imkanlar yalnız müəyyən təbəqənin əlində cəmlənərsə, cəmiyyətdə dərin bərabərsizlik yaranacaq. Ona görə də bu sahədə elmi inkişafla yanaşı, hüquqi və etik çərçivələr də formalaşdırılmalıdır”.
Həkim həmçinin vurğulayır ki, yaşlanma ilə bağlı elmi irəliləyişlər insan ömrünü sonsuz etmək məqsədi daşımamalıdır:
“Əsas hədəf xəstəliksiz, aktiv və keyfiyyətli həyat illərinin artırılmasıdır”.
“Uzunömürlülük anlayışı sağlamlıqla ölçülməlidir, illərin sayı ilə yox”, – deyə professor bildirib.