Binəqədi rayonunda bayram tətilini fürsət bilənlər növbəti dəfə qanunsuz tikinti işləri həyata keçiriblər.
Əvvəllər gizli formada bir mərtəbəsi inşa edilən tikilinin ikinci mərtəbəsi də bayram günlərində inşa edilib.
Tikintiyə kimin icazə verdiyi məlum deyil. Tikili ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsində də hər hansısa məlumatının olmadığı bildirilir. Sakinlərin sözlərinə görə, tikintiyə Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri Elmin Zamanov nəzarət edir.
Sakinlərin narazılığına səbəb olan qanunsuz və yöndəmsiz aparılan tikinti ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən mövqe öyrənməyə çalışdıq. Lakin icra hakimiyyətindən zənglərimizə cavab verən olmadı.
Qeyd edək ki, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevdir. O, rayona 2018-ci ildən başçılıq edir. Onun rayona başçılıq etdiyi müddət ərzində qanunsuz tikililərin sayının artdığı deyilir.
Xatırladaq ki, uzun müddətdir bayram tətillərində qanunsuz tikinti işlərinin aparılması ənənəsi yaranıb. İşbazlar, icra hakimiyyətləri adətən qanunsuz tikintiləri dövlət qurumlarının işləmədiyi bayram tətilləri ərəfəsində gizli formada həyata keçirirlər. Bununla tikintinin böyük hissəsi bitmiş olur, dövlət qurumları da tikili barədə məlumatsız olduqlarını bildirərək məsuliyyətdən yayınmağa çalışırlar.