AZ

Kənd təsərrüfatı məhsulları BAHALAŞACAQ - “Artım digər sahələrə də təsir göstərəcək”

“Dizelin bahalaşması kənd təsərrüfatının bütün sahələrində müəyyən artımları məcburi edəcək".

Bunu “Yeni Sabah”a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

Onun sözlərinə görə, bu yanacaq növünün qiymətinin 1 manatdan 1.10-a çatması bahalaşmanı labüd edir:

"Bu, xüsusən bitkiçilik sahəsinə təsir edəcək. Çünki bitkiçilikdə əkin, səpin, becərmələr, arxların qazılması və s. texnika ilə reallaşdırılır. Həmin texnikaların hamısı dizellə işləyir”.

A. Nəsirli bildirib ki, kənd təsərrüfart texnikasının (traktor, kombayn və s.) xidmət haqqı xeyli artacaq:

“Məsələn, indiyədək 1 hektar ərazini şumlama 60-70 manata həyata keçirirdilərsə, indi 70-75, bəzi yerlərdə hətta 80 manata qalxacaq. Bu, dolayı yolla istehsal edilən məhsula öz təsirini göstərəcək.

İnsanlar bəzən yaz və yay aylarında kənd təsərrüfatı məhsulları çıxanda təəccüblə deyirlər ki, bu da xaricdən gəlməyib, bəs niyə bahalaşır? Halbuki aqrar məhsulların maya dəyərində dizel 30-40 faiz xüsusi çəkiyə malikdir”.

Ekspert vurğulayıb ki, dizelin qiyməti artsa da, benzinə nisbətən hələ də sərfəlidir:

“Yanacaq qiymətlərinin artımı digər sahələrə də təsir göstərəcək. Misal üçün, heyvandarlıqla bağlı yonca sahələrinin əkilməsi, biçilməsi kimi işlərin hamısı dizellə çalışan texnika vasitəsi ilə həyata keçirilir. Logistika sahəsində də məhz dizel yanacağından istifadə olunur.

İndiyədək dizel ucuz idi. Həm də onun enerji tutumu çoxdur. Tutaq ki, 100 litr dizel yanacağı ilə 1000 kilometr məsafə qət etmək olarsa, eyni həcmdə olan benzinlə bunu reallaşdırmaq mümkün deyil”.

Xatırladaq ki, yanvarın 1-dən etibarən, ölkədə Aİ 92 markalı benzinin və dizel yanacağının qiyməti yanvarın 1-dən etibarən artıb. Tarif Şurasının qərarına əsasən, sözügedən tarixdən etibarən, Aİ-92 benzininin qiyməti 5 qəpik, dizel  isə 10 qəpik bahalaşıb.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
63
yenisabah.az

1Mənbələr