Bakı, 5 yanvar, AZƏRTAC
2026-cı ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 2 milyard 24,3 milyon manat vəsait nəzərdə tutulub.
AZƏRTAC Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, bu, 2025-ci illə müqayisədə 30,7 milyon manat və ya 1,5 faiz çoxdur.
Qeyd edək ki, səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4,9 faiz olacaq. Bu il Səhiyyə Nazirliyinə 274,5 milyon manat ayrılacaq. Həmin vəsaitin 50,4 milyon manatı ümumi təyinatlı və xüsusiləşdirilmiş xəstəxanaların, tibb mərkəzlərinin saxlanılması, habelə xüsusiləşdirilmiş tibbi xidmətin göstərilməsinə, 9,4 milyon manatı bərpa-müalicə sanatoriya larının fəaliyyətinin təmin edilməsinə, 3 milyon manatı qanköçürmə üzrə tibbi xidmətlərin göstərilməsinə, 2,7 milyon manatı səhiyyə sahəsində tədqiqat fəaliyyəti üzrə işləri həyata keçirən təşkilatların saxlanılmasına, 157,7 milyon manatı məhkəmə-tibbi, tibbi kriminalistik, tibbi bioloji, məhkəmə-kimyəvi ekspertizalar və s. xərclərə, 51,3 milyon manatı isə sanitar-epidemioloji vəziyyətə nəzarətin təmin edilməsinə, infeksiyaya yoluxmuş və onlarla təmasda olan şəxslərin monitorinqinin aparılması məqsədilə sanitar-epidemioloji tədbirlərə yönəldiləcək.
2026-cı ilin dövlət büdcəsindən kənd təsərrüfatı bölməsi üçün isə 1 milyard 226,5 milyon manat məbləğində vəsait ayrılacaq. Bu, 2025-ci illə müqayisədə 22,7 milyon manat və ya 1,9 faiz çoxdur.
Ölkədə ərzaq təhlükəsizliyi tədbirləri üçün 512,7 milyon manat vəsait nəzərdə tutulur. Bu vəsait hesabına fermerlərin kənd təsərrüfatı istehsalı vasitələrinin alınmasına çəkdikləri xərclərin bir hissəsi kompensasiya ediləcək və əkin sahələrinə, təhvil verilən məhsula, toxum və ting satışına görə subsidiyalar veriləcək. Eyni zamanda, yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması, yüksək məhsuldar heyvanların sayının artırılması və süni mayalanma yolu ilə alınan sağlam buzovlara görə dəstək göstəriləcək.
Bundan əlavə, barama istehsalına subsidiya ayrılacaq, lizinq yolu ilə texnika, suvarma sistemləri və damazlıq heyvanların alınmasına dövlət büdcəsi hesabına güzəştlər və digər kənd təsərrüfatı tədbirlərinin maliyyələşdirilməsi təmin olunacaq.