AZ

Azərbaycanca Vikipediya niyə geriləyir? – Cavid Vəkilov yazır

Azərbaycanca Vikipediyanın geriləməsinin əsas səbəbi qeyri-aktivlikdir.

Son illərin statistik göstəriciləri Azərbaycanca Vikipediyanın beynəlxalq sıralamada mövqeyini itirdiyini göstərir. Belə ki, 2020-ci ildə Azərbaycanca Vikipediyada məqalələrin sayı 173.141 olmuş və layihə bütün Vikipediyalar arasında 49-cu yerdə qərarlaşmışdı. 2025-ci ildə isə məqalə sayı 211 minə yaxınlaşıb, AzViki ümumi sıralamada 55-ci yerə geriləyib.

Mütəxəssislərin fikrincə, bu geriləmənin əsas səbəbi məqalə sayının artım tempi deyil, redaktor aktivliyinin zəifləməsidir. Beynəlxalq reytinqlərin müəyyənləşdirilməsi zamanı təkcə məqalələrin sayı deyil, eyni zamanda məqalə başına düşən redaktə sayı, aktiv istifadəçi iştirakı və məzmunun davamlı şəkildə yenilənməsi əsas meyarlar kimi nəzərə alınır.

Əvvəlki illərdə yayımlanan analitik yazılarda da qeyd olunurdu ki, Azərbaycanca Vikipediyada çox sayda istifadəçi qeydiyyatdan keçsə də, onların böyük hissəsi bir neçə redaktədən sonra fəaliyyəti dayandırır. Bunun əsas səbəbləri sırasında texniki çətinliklər, qaydaların mürəkkəbliyi və yeni istifadəçilərə kifayət qədər dəstəyin göstərilməməsi göstərilir.

Digər mühüm amillərdən biri isə könüllü fəaliyyətin cəmiyyətdə yetərincə dəyər qazanmamasıdır. Vikipediyada məqalə yazmaq maddi gəlir gətirmədiyi üçün bir çox istifadəçi bu fəaliyyəti uzunmüddətli şəkildə davam etdirmir. Nəticədə yeni məqalələr yaradılsa da, onların üzərində sistemli və davamlı şəkildə çalışan aktiv redaktorların sayı məhdud qalır.

Mütəxəssislərin qənaətinə görə, redaktor fəallığının artırılması, yeni istifadəçilər üçün dəstək mexanizmlərinin gücləndirilməsi və mövcud məqalələrin mütəmadi olaraq yenilənməsi halında Azərbaycanca Vikipediyanın beynəlxalq mövqeyini bərpa etməsi mümkündür.

 

Cavid Vəkilov

Müvəkkil Hüquq Mərkəzi Departament Rəhbəri
 

Seçilən
42
1
qht.az

2Mənbələr