Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Bloomberg”ə müsahibəsində ölkəsinin Rusiya ilə Ukrayna arasında mümkün danışıqlar üçün potensial və etibarlı platforma olaraq qaldığını bildirib.
Paytaxt.org xəbər verir ki, Ərdoğan Ankaranın tərəflər arasında atəşkəs rejiminin monitorinqinə dəstək verməyə hazır olduğunu vurğulayıb.
Türkiyə liderinin sözlərinə görə, Ankara həm Rusiya prezidenti Vladimir Putin, həm də Ukrayna prezidenti Volodimir Zelenski ilə birbaşa dialoq qura bilən yeganə aktordur. Eyni zamanda, Türkiyə Vaşinqton və Brüssel, NATO və BMT ilə balanslı və möhkəm diplomatik əlaqələri qoruyub saxlayan, paralel şəkildə konkret təşəbbüslər irəli sürən nadir ölkələrdən biridir.
Ərdoğan qeyd edib ki, Türkiyənin qapıları bütün tərəflər üçün açıqdır və bu mövqeyini hər iki liderə dəfələrlə açıq şəkildə çatdırıb: “Bizim qətiyyətimiz aydındır və dəyişməz olaraq qalır”.