Son günlər ölkə ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti yolların buz bağlamasına səbəb olub. Nəticədə bir sıra ərazilərdə nəqliyyatın hərəkətində çətinliklər yaranıb, bəzi yollarda isə qəza halları qeydə alınıb.
Nəqliyyat problemləri üzrə ekspert Eldəniz Cəfərov AZXEBER.COM-a bildirib ki, sürücülər avtomobilin texniki vəziyyətinə mütləq diqqət yetirməlidirlər:
"Sürücülər yola çıxmazdan əvvəl avtomobilin texniki vəziyyətini mütləq yoxlamalıdırlar. Qış mövsümünə uyğun təkər şinləri, əyləc sistemi, şüşələr, faralar və antifrizlər saz vəziyyətdə olmalıdır. Zərurət olmadığı halda belə hava şəraitində yollara çıxmamaq tövsiyə olunur”.
Ekspert qeyd edib ki, avtomobil hərəkətdə olarkən bir sıra elementar qaydalara əməl olunmalıdır:
"Xüsusilə gecə və səhər saatlarında yollar buz bağladığı üçün, dumanlı hava şəraiti yarandığından, körpü və tunellərin giriş-çıxışları daha təhlükəli olur. Avtomobil hərəkətdə olarkən sürət minimum səviyyədə saxlanılmalı, diqqət artırılmalı və manevr qaydalarına ciddi əməl edilməlidir. İşıq cihazlarından düzgün istifadə mütləqdir. Ara məsafəsi daha çox götürülməli, qəfil manevrlərə yol verilməməlidir”.
O bildirib ki, təcrübəsiz sürücülər yola çıxmaqdan çəkinməlidirlər:
"Bu kimi elementar qaydalara əsasən təcrübəli sürücülər əməl edirlər. Təcrübəsiz sürücülərə isə zərurət olmadıqca yola çıxmamaq tövsiyə olunur”.