
“İranda xalqa hörmətlə yanaşmaq və vətəndaşların tələblərini dinləmək idarəçiliyin əsas prinsiplərindən biridir”.
Missiya.Az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Nazirlər Kabinetinin iclasında deyib.
Onun sözlərinə görə, ictimai maarifləndirmənin gücləndirilməsi və cəmiyyətə aydın məlumat verilməsi narazılıq və sosial gərginliyin azalmasında mühüm rol oynayır.
Pezeşkian əlavə edib ki, xalqla birbaşa ünsiyyət qurmaq, onların tələblərini dinləmək gərginliyin azalmasına kömək edir.
İran Prezidenti etirazlara qarşı güc tətbiqinin effektiv olmadığını qeyd edərək bildirib ki, cəmiyyəti zorakılıq və yanlış üsullarla inandırmaq və ya sakitləşdirmək mümkün deyil.
Qeyd edək ki, İranda milli valyutanın dollar qarşısında kəskin ucuzlaşmasından sonra etiraz aksiyaları başlayıb. Bir həftədir davam edən aksiyalar zamanı 19 nəfərin həlak olduğu, təxminən 1000 nəfərin isə saxlanıldığı bildirilir.
Daşqın HəsənovMissiya.Az