AZ

Yeniyetmələr arasında stress və gərginlik niyə artır? - Psixoloqdan açıqlama

Son illərdə yeniyetmələrin stressli və əsəbi olma hallarında nəzərəçarpacaq dərəcədə artım müşahidə olunur. Müasir həyatın sürətli ritmi, təhsil və sosial təzyiqlər gənclərin psixoloji vəziyyətinə ciddi təsir göstərir. Bu, onların gündəlik həyat keyfiyyətinə və emosional sabitliyinə əhəmiyyətli dərəcədə təsir edə bilər.

Mövzu ilə bağlı Missiya.Az-a danışan psixoloq Elnur Rüstəmov bildirib ki, yeniyetməlik dövrü psixoloji baxımdan ən həssas mərhələlərdən biridir və bu dövrdə stressin yaranması tamamilə təbiidir:

"Əsas səbəblərdən biri sürətli fiziki və hormonal dəyişikliklərlə yanaşı, şəxsiyyətin formalaşması prosesidir. Yeniyetmə özünü tanımağa, cəmiyyətdə yerini müəyyənləşdirməyə çalışır və bu zaman daxili ziddiyyətlər, özünə inamsızlıq, qəbul olunmaq ehtiyacı stress yaradır. Eyni zamanda ailədaxili münasibətlər, valideyn gözləntilərinin yüksək olması, məktəbdə akademik təzyiq, müəllim və ya həmyaşıdlarla yaşanan konfliktlər də stressi artıran amillər sırasındadır".

Psixoloqun sözlərinə görə, sosial şəbəkələrdə ideal obrazlarla müqayisə, kiberzorakılıq və davamlı informasiya axını da yeniyetmələrin psixoloji yüklənməsini gücləndirir:

"Stressin qarşısının alınmasında əsas rol böyüklərin düzgün yanaşmasına bağlıdır. Valideyn və müəllimlər yeniyetməni dinləməli, onun hisslərini kiçiltməməli və problemlərini ciddiyə almalıdır. Dəstəkverici ünsiyyət, tənqid əvəzinə anlayışlı münasibət və təhlükəsiz, emosional mühit yeniyetmənin stressə davamlılığını artırır",-deyə psixoloq qeyd edib.

E.Rüstəmov əlavə edib ki, gün rejiminin balanslı qurulması, fiziki aktivlik, keyfiyyətli yuxu və maraq dairəsinə uyğun məşğuliyyətlər də psixoloji gərginliyin azalmasına kömək edir:

"Əgər stress uzunmüddətli xarakter alır, davranış və emosional vəziyyətdə ciddi dəyişikliklər müşahidə olunursa, mütəxəssis psixoloqa müraciət etmək vacibdir. Vaxtında göstərilən psixoloji dəstək yeniyetmənin sağlam inkişafı və gələcək psixi rifahı üçün mühüm əhəmiyyət daşıyır".

Seyranə QuliyevaMissiya.Az

Seçilən
50
missiya.az

1Mənbələr