2026-cı ildə ÜDM real ifadədə 2,9 faiz artaraq 134,1 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM real ifadədə 5 faiz artaraq 101,7 milyard manat təşkil edəcək.
Bu barədə Maliyyə Nazirliyi tərəfindən hazırlanmış, 2026-cı ilin dövlət və icmal büdcələri ilə bağlı məlumatları özündə birləşdirən “Vətəndaşın büdcə bələdçisi”ndə bildirilir.
ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payının artaraq 75,8 faizə çatacağı gözlənildiyi qeyd olunur. Proqnozlara əsasən, 2026-cı ildə neft-qaz sektoru üzrə ÜDM real ifadədə 2,4 faiz azalacaq. Bu il “Azərilayt” markalı xam neftin qiyməti 1 barel üçün 65 ABŞ dolları qəbul edilib.
Ortamüddətli dövrün sonuna ÜDM-in həcmi 161,8 milyard manatadək, onun qeyri-neft-qaz sektoruna aid hissəsinin xüsusi çəkisi isə 80 faizədək yüksələcək.