Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.
“ABŞ hərbçilərinin Venesuela prezidenti Nikolas Maduronu öz yataq otağında həbs etməsi 2026-cı ilin ilk siyasi sürprizi oldu. Təbii ki, ABŞ-ın başqa müstəqil bir dövlətin prezidentini silahlı yolla qaçırması beynəlxalq hüququn pozulmasıdır və ümumilikdə bu hadisə arzulanan, normal qarşılanan hal deyil. Belə təhlükəli presedentlərin gələcəkdə baş verməsi mümkündür”.
Gununsesi.info xəbər verir ki, bunu Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli deyib:
“Maraqlı məqam isə budur ki, Venesuela cəmiyyəti öz prezidentinin oğurlanmasına səssiz qaldı. Hətta əhalinin böyük hissəsi bu hadisəni sevinclə qarşıladı. Bu nədən qaynaqlanır ki, ölkə vətəndaşları öz dövlət başçısının taleyinə biganə qalsın?
Unutmaq olmaz ki, insan həm də bioloji varlıqdır. Yəni yaxşı yaşamaq, çalışmaq, gözəl həyat tərzi keçirmək istəyir. Ən azından beynəlxalq medianın yazdığına görə, Nikolas Maduronun rəhbərlik etdiyi zəngin neft ehtiyatları olan Venesuelada əhalinin vəziyyəti yaxşı olmayıb, venesuelaların xeyli hissəsi öz vətənlərini tərk edib”.
O əlavə edib ki, Tramp Venesuela prezidentinin həbs olunması qərarını verərkən əhalinin ağır güzəranını, ölkədə seçki saxtakarlığını deyil, öz strateji neft maraqlarını nəzərə alıb:
“Latın Amerikasını arxa bağçası hesab edən ABŞ Nikolas Maduronun həbsini, Venesuela neft ehtiyatlarına birbaşa nəzarəti ələ keçirməsini böyük qələbəsi hesab edir. Gələcəkdə Venesuelanın ABŞ üçün əsl başağrısına, bəlkə də uzunmüddətli bataqlığa çevrilib-çevrilməcəyini zaman göstərəcək.
Onu da unutmaq olmaz ki, ABŞ-ın hərbi dəstəyi ilə İraqda, Əfqanıstanda, Liviyada baş tutmuş hakimiyyət dəyişikliyi nəticəsində çox açı təcrübələr ortadadır. Görünən odur ki, dünyanın siyasi arxitekturası sürətlə dəyişir. Məhz belə məqamda beyin mərkəzlərinin geniş təhlilinə və idarəetmə sisteminin son dərəcə çevikliyinə ehtiyac duyulur”.
Şəbnəm
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.