Bakı, 5 yanvar, AZƏRTAC
Ötən il ölkə elmi üçün əlamətdar hadisələrlə yadda qalıb.
Bunu AZƏRTAC-a açıqlamasında AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev söyləyib.
Akademik Rasim Əliquliyev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildiyini xatırladaraq, bu il çərçivəsində müvafiq dövlət təşkilatları, elmi müəssisələr, eləcə də digər aidiyyəti qurumların qarşısına ölkəmizin kibersuverenliyinin təmin olunması ilə bağlı strateji vəzifələrin qoyulduğunu, mühüm tədbirlərin həyata keçirildiyini qeyd edib. “Milli elmi-intellektual mühitin formalaşmasında mühüm xidmətləri olan akademiklər Yusif Məmmədəliyev və Mustafa Topçubaşovun yubileylərinin qeyd edilməsi, Azərbaycan elminin məbədi sayılan AMEA-nın 80 il ərzində keçdiyi inkişaf yolunun ictimaiyyətə çatdırılması və digər təşəbbüslər ölkədə elmi təfəkkürün formalaşmasında mühüm rol oynayıb”, -deyə o vurğulayıb.
AMEA-nın vitse-prezidenti son illər süni intellekt texnologiyalarının sürətli inkişafı fonunda ölkəmizdə bu sahədə ardıcıl addımların atıldığını, strateji sənədlərin qəbul edildiyini və yeni vəzifələrin müəyyənləşdirildiyini diqqətə çatdırıb. O, mart ayında qəbul edilmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın ölkənin rəqəmsal transformasiya kursunu müəyyənləşdirən strateji yol xəritəsi olduğunu qeyd edib.
Akademik Rasim Əliquliyev Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley tədbirində çıxışı zamanı Azərbaycan elmi ictimaiyyətinin qarşısına mühüm strateji vəzifələrin qoyulduğunu bildirib, həmin çıxışdan irəli gələn tapşırıqlar, eləcə də 2026-cı il üçün müəyyənləşdirilən elmi prioritetlərdən, perspektivlərdən danışıb: “Qarabağ və Şərqi Zəngəzurda təbii sərvətlərin, bu ərazilərdə dağıdılmış mədəni mühitin bərpa olunması, eyni zamanda, Qərbi Azərbaycan reallığı artıq Azərbaycan dövlətinin siyasi prioritetlərindən biridir. Bütün dünya miqyasında Azərbaycan dilinin linqvistik suverenliyi məsələsinin aktuallaşdırılması da mühüm əhəmiyyət daşıyır. Bu gün biz qlobal virtual dünyanın sakinləriyik. Ona görə də çoxdilli bir mühitdə Azərbaycan dilini qorumaq, onu inkişaf etdirmək əsas vəzifələrimizdəndir”.