ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakının Pirallahı rayonunda taksi sürücülərinin müştəri üstündə mübahisəsi cinayətlə nəticələnib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonunun Pirallahı qəsəbəsi, S.Vurğun küçəsində baş verib. 1969-cu il təvəllüdlü Akif həmin küçədə yerləşən “Göyçə” kafesinin arxasında Məsim (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Məsimin sifət nahiyəsinə yumruq zərbəsi ilə qəsdən vurub. Hadisəni törədən Akifin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Akif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, birinci Qarabağ döyüşlərində yaralanıb, 2-ci qrup əlildir: “Hadisə günü Qala istiqamətindən üzü Pirallahı qəsəbəsinə hərəkətdə olduğum zaman “Göyçə” kafesinin qarşısında dayanacaqda 2 nəfərin şəhər istiqamətinə dayandığını gördüm. Mən yolun əks istiqamətində dayanmışdım. Həmin 2 nəfəri şəhərə aparmaq üçün çağırdım. Həmin vaxtı dayanacağın qarşısında olan “KİA” markalı avtomobil sürücüsü, sonradan adını bildiyim Məsim avtomobilin içərisindən mənə “lazım olsa, 2 nəfəri mən götürərəm” sözlərini dedi. Buna görə də aramızda söz mübahisəsi baş verdi. Həmin 2 nəfərdə başqa avtomobilə əyləşərək getdi. Bu zaman Məsim “dayan gəlirəm” deyərək qarşıdan manevr etdi və yanıma gəldi. Avtomobili yolun kənarında saxlayaraq yerə düşdü. O, məni yanına çağırdı, aramızda yenə söz mübahisəsi oldu. Biz “Göyçə” kafesinin arxasına çəkildik. Kafenin arxasında mübahisə zamanı Məsimin sifət nahiyəsinə yumruqla vurdum. Mən Məsimi vurandan sonra oradan getdim”.Bu cinayət işinə Pirallahı Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Məhkəmənin hökmü ilə Akifin zərərçəkmiş şəxs ilə barışması, ona qarşı şikayətinin olmaması səbəbindən barəsində olan cinayət işinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.