AZ

"Dövlət başçısının səsləndirdiyi fikirlərin altında bu dayanır" - Deputat

"Biz heç vaxt imkan verməmişik ki, kimsə bizim işimizə qarışsın, kimsə bizə nəyisə diktə etsin, kimsə bizə yuxarıdan aşağı baxsın. Biz müqavimət göstərmişik, biz ciddi iradəmizi ortaya qoymuşuq, heç kimin qarşısında baş əyməmişik, heç kimə imkan verməmişik və verməyəcəyik ki, bizim işimizə qarışsın". Bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində deyib. 

Milli Məclisin deputatı Hikmət Babaoğlu dövlət başçısının fikirlərini Redaktor.az-a şərh edərkən vurğuladı ki, Azərbaycan Prezidenti 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrik fikirlərində bir sıra mühüm məsələlərə toxundu:

"Bunlardan biri də əlbəttə ki, Azərbaycanın tam müstəqil olmasına edilən vurğu idi. Hazırkı beynəlxalq münasibətlər sistemi içərisində dünya siyasətini təyin edən nəhəng güclər, böyük güc mərkəzləri, imperialist mərkəzlər var və belə olan halda milli dövlətlərin öz iradəsini, öz xalqının maraqlarını qoruması çətin bir vəzifəyə çevrilir. Məhz dövlət başçısının sadaladığı qətiyyət, cəsarət, fədakarlıq, üstün zəka sayəsində biz Azərbaycan dövləti olaraq müstəqil iradə nümayiş etdirə bildik və torpaqlarımızı işğaldan azad etdik. Biz siyasi-diplomatik təzyiqlərə sinə gərərək əldə etdiyimiz hərbi zəfəri diplomatik və siyasi zəfərə də çevirməyi bacardıq. Əslində dövlət başçısının səsləndirdiyi fikirlərin altında bu dayanır. Şübhəsiz ki, belə qətiyyətin, güclü dövlət olma gərəkliyinin əsas səbəblərindən biri də xalq tərəfindən müstəqil siyasətin ölkə prezidentinin dəstəklənməsidir ki, bu da bizim haqq işimizdə gücümüzü təyin edən əsas faktorlardan biri oldu. Ona görə mən düşünürəm ki, yaşadığımız bu tarix həm də Azərbaycan xalqının gələcəyinin tarixidir. Çünki bu gün əldə edilənlər Azərbaycan xalqının böyük mənada gələcəyini təyin edəcək reallıqlardır".

Aytəkin TOFİQQIZI

Seçilən
245
redaktor.az

1Mənbələr