AZ

Tərbiyəsizlik etməyin!

Səhərin tələsik addımları arasında insan bəzən elə bir mənzərə ilə qarşılaşır ki, bütün günü, hətta illər öncəni belə gözünün önünə gətirir.

Bu gün işə gedərkən metroda gördüyüm səhnə məni məhz belə bir xatirələrə apardı.

Turniketə yaxınlaşanda təxminən, 20–21 yaşlarında bir xanım tələsdiyini bəhanə edib yaşlı bir qadını kənara itələdi. Qadının əlindəki çanta yerə düşdü, amma nə itələyən geri döndü, nə “üzr istəyirəm” dedi, nə də yerə düşən çantanı qaldırdı. Arxasına belə baxmadan çıxıb getdi...

Elə həmin an məni uşaqlığıma qaytardı…

Uşaqlığımın böyük hissəsi nənəmin yanında keçib. Demək olar ki, mən onların evində böyümüşəm. Nənəmgilin kənddə balaca, iki otaqlı yer evi vardı. Kənddə böyüyənlər yer evinin nə olduğunu yaxşı bilir. Bilməyənlər üçün deyim ki, yer evləri bünövrəsi yer səviyyəsində olan, bir pilləlik, qışı isti, yayı sərin olan evlərdir. Adətən həyətində bünövrəsi hündür başqa ev də olurdu, amma qış düşən kimi hamı odun peçinin başına yığışmaq üçün yer evlərinə köçürdü. İndi həmin evlər də tarixə qovuşub, amma nənəmgilin evinin forması dəyişsə də özü hələ də qalır...

Nənəmgilin evi qapıdan girən kimi balaca bir dəhlizlə başlayırdı. Sağda bir otaq, solda isə nənəmin otağı vardı. O otaq təkcə yataq otağı deyildi. Həm qonaq, həm yemək otağı idi. Nənəmin yatağı düz odun peçinin yanında yerləşirdi. Axşamlar onunla baş-ayaq uzanardım. Peçinin xışıltısı, odun qoxusu və nənəmin səsi bir-birinə qarışardı. Mən yuxuya gedənə qədər o, ya keçmişdən danışardı, ya da sadə, amma ömürlük dərs olacaq nəsihətlər verərdi.

Nənəm danışardı ki, otağa özündən böyük biri girəndə ayağa qalxmaq lazımdır. Böyüklərin yanında ayaq uzadıb yatmaq olmaz. Köməyə ehtiyacı olanı görüb yanından keçmək ayıbdır. Böyük sənə nəsə deyəndə cavab qaytarmaq tərbiyəsizlikdir. Amma ən vacibi, mərhəmət hissini mənə elə təbii, elə səssiz şəkildə aşılayıb ki, bu gün o hissi nə olduğunu çoxlarından yaxşı bilirəm.

Bəlkə mən də səhvsiz deyiləm. Bəlkə mən də haradasa susmalı olduğum yerdə susmamışam, etməli olduğumu etməmişəm. Bəzən “zəmanə belədir” deyib çox şeyə göz yummuşam, yumuram da. Amma bu gün bir daha anladım ki, insanı insan edən ən ali keyfiyyət onun davranışıdır. Davranışın isə ayrılmaz hissəsi mərhəmətdir.

Əgər harasa tələsirsinizsə, evdən bir az tez çıxın. Əgər gecikmə sizdən asılı olmayan səbəbdəndirsə, bunu başqasının üzərinə yıxmayın. Qarşınızdakı insan sizin tələskənliyinizə cavabdeh deyil. Atdığınız hər addımın məsuliyyəti sonda yenə sizin üzərinizdə qalır.

Azad düşüncəli, azad ruhlu olmaq adı ilə ətrafınıza kobudluq, laqeydlik, tərbiyəsizlik saçmayın. Azadlıq ilk növbədə daxili intizamdır. Heç olmasa sadə davranış qaydalarına əməl etməyi bacarın.

Bu gün küçəyə çıxırsan, hamı bir-birinə aqressiv baxışlarla baxır. Kimsə çaşıb səhv edəndə qarşısındakı onu başa düşmək yox, alçaltmaq üçün fürsət axtarır. Başa düşürəm, hamının dərdi var, problemi var. Amma bu, o demək deyil ki, o yükü başqasının çiyninə atmalıyıq.

Bir az gülərüz, bir az mehriban, bir az da mərhəmətli olun.

Belə səhnələri gördükcə hər gün bir az da çox şükür edirəm ki, yaxşı ki, tamam başqa mühitdə böyümüşəm. Yaxşı ki, nənəmin dizinin dibində oturub mərhəmətin nə olduğunu öyrənmişəm.

Bir misal deyim. Mənim nənəm bu gün də özündən yaşca biri vəfat edəndə onun yasına getməyə çəkinir. Deyir ki, “filankəs məndən balaca idi. Üzüm gəlmir onun yasında oturmağa. Onun yerinə mən ölməli idim”. Bu sözlərdə nə qədər dərin hörmət, nə qədər böyük insanlıq var…

Düşünürəm ki, bizdən geriyə qalan ən böyük miras mərhəmətlə xatırlanmaq olacaq.

Aydan Hacı


Telegram kanalımız
Seçilən
30
yenisabah.az

1Mənbələr