AZ

Venesueladakı hadisələr neft bazarına necə təsir edəcək? - AÇIQLAMA

Məlum olduğu kimi, Amerika Birləşmiş Ştatları (ABŞ) Venesuelada xüsusi əməliyyatlar həyata keçirərək prezident Nikolas Maduronun və həyat yoldaşının tutulmasına nail olub. Bu hadisə beynəlxalq hüquq baxımından ciddi mübahisələr yaradıb. Bir sıra ölkələr və təşkilatlar ABŞ-nin bu addımını beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirirlər. ABŞ isə əməliyyatın məqsədini Venesuelada öz maraqlarına uyğun siyasi qüvvələri hakimiyyətə gətirmək və neft resurslarını nəzarətə almaq kimi izah edir.

Bəs neft resursları ABŞ-nin nəzarətinə keçsə, bu, dünyada neftin qiymətinə necə təsir edəcək?

İqtisadçı ekspert Emin Qəribli Redaktor.az-a bildirdi ki, ən azından yarım il-bir il qiymət artımı olmayacaq:

"Çünki buna investisiya yatırılmalıdır və bu həcm artırılmalıdır. Qiymət artımına biz uzunmüddətli dövrdə müəyyən ssenari üzrə baxmalıyıq. Bəli, bu gün artıq ekspertlər də deyirlər ki, qiymət artımı olacaq. Lakin bir şeyi də unutmayaq: Trampın əsas məqsədi bura daxil olmaqla neft resurslarını əldə etməkdir və təbii ki, ilk açıqlamalarında qeyd edirdi ki, neftin qiymətini endirməkdir. Lakin bir tərəfdən də diqqət yetirin ki, Amerika Birləşmiş Ştatları özü son dövrlərdə mühüm neft ixracatçısına çevrilib və qiymətlərin enişi heç də onun marağında deyil. Sonra biz bilirik ki, Respublikaçılar Partiyası özü neft amilindən, yəni neft resurslarından çox ixtisaslaşan və bu sahədə məşhur olan bir partiyadır".

Müsahibimiz hesab edir ki, neftin qiymətini proqnozlaşdırmaq çox çətindir.

"Burada ikinci məsələ odur ki, Venesuela, İran və digər ölkələr əsasən Çini neftlə təmin edən ölkələrdir. Ona görə də məqsəd bir az fərqlidir. Ona görə də mənə elə gəlir ki, belə tələsmək olmaz. Bir az gözləyək, bir az səbirli yanaşaq. Mən inanmıram ki, burada müxtəlif hadisələr baş verə bilər və mən 100 faizlik əmin deyiləm ki, bu neftin qiymətinin enişinə gətirib çıxaracaq. Müəyyən dövrdə aşağı da düşə bilər, əksinə arta da bilər. Onu dəqiq demək mümkün deyil. Neftin qiymətinin azalmasında Trampın əsas məqsədi məhz Çin iqtisadiyyatının qarşısını almaqdır. Ona görə də proqnoz verilərkən bir az ehtiyatlı yanaşmaq lazımdır. Bilmək olmur, nə baş verə bilər. Təbii ki, bir tərəfdən Rusiya var, amma Rusiya sanksiya altındadır və bildiyimiz kimi müəyyən hədlər qoyulub, neftin qiymətinin enişi Rusiyaya elə də təsir etməyəcəkdir. Amma burada başqa hədəflər var, ona görə də hesab edirəm ki, gəlin tələsməyək", - deyə o yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Seçilən
47
redaktor.az

1Mənbələr