"Venesuela Prezidenti Nikolas Maduronun tutulması neft bazarında qiymət dəyişikliklərinə necə təsir göstərə biləcəyi ilə bağlı investorların diqqət mərkəzindədir". 1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov öz sosial şəbəkə hesabında qeyd edib. Deputat bildirib ki, Maduronun tutulmasının neftin qiymətlərinə təsiri bir neçə ssenari üzrə proqnozlaşdırılır. "Venesuelanın gündəlik neft hasilatı dünya bazarında xüsusi rol oynamır. ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, ölkənin gündəlik 1,098 milyon barel hasilatı ilə 18-ci yerdədir, “Trading Economics” isə 1,142 milyon barel ilə 17-ci sıranı göstərir. Deputat xatırladıb ki, Venesuela ixracatçı ölkələr arasında da ilk iyirmilikdə yer almır. Ölkə gündəlik 438 min barel neft ixrac edərək 22-ci sıradadır. Neft ixracının az olması isə tətbiq olunan sanksiyalarla bağlıdır. 2024-cü ildə Səudiyyə Ərəbistanının payı 15,2 faiz, Rusiyanın 9,7 faiz, ABŞ-ın 9,4 faiz, BƏƏ-nin 9,1 faiz, Kanadanın isə 8,5 faiz olub".
Vüqar Bayramov vurğulayıb ki, Venesuelanın dünyada ən böyük neft ehtiyatlarına malik olması isə bazar üçün strateji əhəmiyyət daşıyır. "Ölkənin kəşf edilmiş neft ehtiyatlarının 18,2 faizi Venesuelaya aiddir. Dördülüyü Səudiyyə Ərəbistanı (16,2 faiz), Kanada (10,4 faiz) və İran (9,6 faiz) tamamlayır. Bu isə yaxın gələcəkdə ABŞ sərmayəsi ilə Venesuela neftinin bazara çıxmasının qiymətlərin azalmasına səbəb ola biləcəyini göstərir". Deputat əlavə edib ki, neft infrastrukturunun yenidən qurulması zaman tələb etdiyindən kəskin təklif artımı dərhal reallaşa bilməz. "Həmçinin potensial xaos riskləri olsa da, mövcud hasilat və ixracat bazara ciddi təsir göstərmir. Nəticədə orta müddətdə neft qiymətlərində azalmalar qaçılmaz görünür ki, bu da iqtisadiyyatın digər gəlir mənbələri ilə diversifikasiyasını daha prioritet edir".