AZ

Fransada yeni könüllü hərbi xidmətə qəbul başlanır

Fransanın müdafiə naziri Katerin Votrin "L'Union" qəzetinə verdiyi açıqlamada yeni könüllü hərbi xidmətə qəbul kampaniyasının yanvarın 12-də başlayacağını bildirib. Prezident Emmanuel Makron tərəfindən ötən ilin noyabr ayında elan edilən bu xidmət 10 aylıq müddətdə olacaq.

Kampaniya ilə əlaqədar əvvəlcə regional mətbuatda reklam və tanıtım işləri aparılacaq. Katerin Votrin bildirib ki, artıq bəzi müraciətlər daxil olub və xidmətin hava qüvvələri, eləcə də dəniz qüvvələri üzrə müraciətlər artıq dekabr ayında açılıb.

Yeni xidmət çərçivəsində "Vətəndaşlıq Günü" adı altında olan tədbir "Mobilizasiya Günü" olaraq dəyişdiriləcək. Bu günün sonunda iştirakçılara könüllülüklə bağlı suallar veriləcək. "Bu suallara müsbət cavab verənlərlə daha sonra əlaqə saxlanacaq və onlar daha ətraflı sorğu ediləcək. Sorğu onların bacarıqlarını, maraq sahələrini, məsələn, kibertəhlükəsizlik, elektrik və ya spesifik dillər kimi sahələri əhatə edəcək", - deyə Votrin bildirib.

Müraciət edənlərin məlumatları nəzərdən keçiriləcək və onlar motivasiyalarını qiymətləndirmək üçün müsahibəyə dəvət olunacaqlar. Həmçinin fiziki göstəricilər üzrə imtahan da keçiriləcək və kəşfiyyat xidmətləri müraciət edənlərin şəxsiyyətlərini yoxlayacaq. Seçilən gənclər may ayında elan ediləcək.

Seçilən gənclər bu yay xidmətə başlayacaqlar. Onlar bir ay təlim aldıqdan sonra 9 ay müddətində Fransanın silahlı qüvvələrində fəaliyyət göstərəcəklər. Xidmət yalnız məktəblilərə və tələbələrə aid deyil. "Bu xidmət hər bir gənc fransız üçün açıqdır. Həmçinin işdə olan və ya təhsil almış gənclər də öz işəgötürənləri ilə razılaşaraq xidmətlərini 10 ay ərzində yerinə yetirə bilərlər",- deyə Votrin əlavə edib. (AZƏRTAC)

Seçilən
61
xezerxeber.az

1Mənbələr