31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə sosial yönümlü tədbirlər həyata keçirilib.
QHT.az xəbər verir ki, Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək İctimai Birliyi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə cəmiyyətin həssas təbəqələrinə aid şəxslər üçün silsilə sosial tədbirlər həyata keçirmişdir. Tədbirlər çərçivəsində aztəminatlı, xüsusi qayğıya ehtiyacı olan, əlilliyi olan, autizm spektrli, kimsəsiz, valideyn himayəsindən məhrum uşaqlar, yeniyetmələr, gənclər və qəyyumluq analar üçün Yeni İl şənliyi, əyləncə proqramları və kinoteatr ziyarəti təşkil olunmuşdur. Uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif maraqlı hədiyyələr təqdim edilmişdir.
Eyni zamanda valideyn himayəsindən məhrum olan və autizm spektrli uşaqlar üçün ad günü tədbirləri keçirilmiş, bu uşaqlara mənəvi dəstək göstərilərək onların cəmiyyət tərəfindən unudulmadığı bir daha nümayiş etdirilmişdir. Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək İctimai Birliyi bu humanist təşəbbüslərin həyata keçirilməsində dəstək göstərən bütün xeyirxah insanlara, könüllülərə və tərəfdaşlara dərin təşəkkürünü bildirir, onları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə təbrik edir.
Birlik bundan sonra da sosial həssas qrupların rifahının yaxşılaşdırılması, uşaqların hüquq və maraqlarının qorunması istiqamətində fəaliyyətini davam etdirəcəkdir.