Cəmiyyətin güzgüsü olan Azərbaycan mediasının özü də indi güzgü qarşısındadır. 2026-cı ilin elə ilk günlərində media o güzgüdə özünə baxmalı, sual verməli, hətta bəzən acı həqiqətləri etiraf etməlidir.
Biz artıq bunu qəbul etməliyik: media təkcə xəbər ötürən mexanizm deyil. Ya cəmiyyətin düşüncəsini faydalı istiqamətdə formalaşdıracaq, ya da özü düşüncəsizliyin qurbanına çevriləcək. Nəhayət ki, bütün dəyərlərin itirilməsi hesabına başa gələn bu marafon yarışlarından imtina etməyi bacarmalıyıq.
Anlamalıyıq ki, oxucu sürətdən çox etibar axtarır. “Birinci biz verdik” yarışı artıq əvvəlki kimi cazibədar deyil. Oxucu xəbərin kim tərəfindən birinci yox, kim tərəfindən düzgün verildiyini soruşur. Bunu qəbul etməsək, itirəcəyik. Həm oxucunu, həm nüfuzu, həm də gələcəyi.
2026-cı ilin əsas çağırışı da elə budur: daha az səs-küy, daha çox məna. Daha az sensasiya, daha çox məsuliyyət.
Onlayn media uzun müddət ucuzluğun cazibəsində qaldı. Ucuz başlıqlar, ucuz emosiyalar, ucuz kliklər. Amma bu ucuzluğun əvəzi ağır olur. İnamı itən oxucunu “Tik-tok”dan geri qaytarmaq çətindir, amma mümkündür. Bu yalnız keyfiyyətlə, hadisəni təkcə yazmaqla yox, onu anlamaq və anlatmaq hesabına başa gələ bilər. “Bu nədir?” sualından çox, “Bu niyə baş verdi?” sualına cavab verən media qalib gələcək. Qalanları isə arxivdə itib gedəcək.
Bəzən sükut qızıldır deyirlər. Amma media üçün yox. Media susanda boşluğu şayiə doldurur, yalan doldurur, manipulyasiya doldurur. Bu baxımdan jurnalistin rolu daha da ağırlaşır. İki daşın arasında qalan peşə sahibidir jurnalist.
Texnologiya isə gözləməyəcək. Süni intellekt artıq qapıdadır. Hətta qapını döymür, içəri girib. Kim bu aləti düşmən kimi görəcək, uduzacaq. Kim onu köməkçi kimi istifadə edəcək, qazanacaq. Amma bir şərtlə: süni intellekt düşünməyəcək, jurnalist düşünməlidir. Texnologiya yalnız alətdir, məzmunun ruhu insanın özündən gəlməlidir. Əks halda ortaya çıxan məhsul ruhsuz, soyuq və oxucusuz olacaq.
Medianın maddi durumu isə hələ də ağrılı mövzudur. Reklam bazarı dar, imkanlar məhdud, gözləntilər isə böyükdür (Reklam bazarı ümumiyyətlə xüsusi mövzudur və bu haqda ayrıca danışmaq lazımdır). Dövlət dəstəyi müəyyən rahatlıq yaratsa da, bu, problemi kökündən həll etmir. Media yaşamaq üçün yeni yollar tapmalıdır. Başqa yol yoxdur. Pulsuz media dövrü bitir. Amma bunun qarşılığında oxucuya da dəyər vermək lazımdır. Heç kim boş şeyə pul verməz.
Bəs jurnalistlərin maaşı artacaqmı? Bu sual illərdir eyni cür verilir, cavabı isə həmişə eyni qalır. Reallıq budur ki, maaş artımı arzuyla yox, sistemlə olur. Media qazanmasa, jurnalist də qazanmayacaq. Jurnalistin əməyinin dəyəri yüksəlməsə, peşəyə hörmət də artmayacaq. Və sonra təəccüblənirik ki, niyə peşəkarlar mediadan gedir. Gedər. Adam ailəsini idealizm ilə dolandıra bilmir axı.
2026-cı il Azərbaycan mediası üçün ya dönüş nöqtəsi olacaq, ya da itirilmiş bir il. Ortası yoxdur. Ya keyfiyyətə investisiya ediləcək, ya da kəmiyyətin altında əzilib qalacağıq. Ya oxucu ilə dürüst münasibət qurulacaq, ya da “klik üçün hər şey” zehniyyəti bizi sona aparacaq. Seçim medianındır. Amma nəticəni cəmiyyət görəcək.
Bir cümlə ilə desək: media dəyişməsə, zaman onu dəyişəcək. Zaman isə heç vaxt mərhəmətli olmur.
Elnur Məmmədli
Telegram kanalımız