AZ

2026-cı ildə hansı ölkədə nə dəyişə bilər?

Yazını böyüt
Yazını kiçilt

2026-cı il seçkiləri qlobal siyasətin istiqamətini müəyyən edəcək vacib məsələlərdən biri kimi diqqət çəkir. 2025-ci ili müharibələr, zorakılıq və iqtisadi tənəzzüllərlə başa vuran bir dünyada gözlər indi fevral ayında başlayan seçki təqviminə yönəlib.

Hafta.az yazır ki, bəzi ölkələr hakimiyyət dəyişikliyi ilə üzləşir, digərləri isə yeni bir kurs axtarır.

Banqladeşdə ilk seçki

2026-cı il fevralın 12-də  Banqladeşdə, Baş nazir Şeyx Hasina 2024-cü ilin avqustunda devrildikdən bəri ölkənin ilk seçki keçiriləcək. Son 15 ildə hakimiyyətdə olan Hasina ölkədən qaçdıqdan sonra ordu 84 yaşlı Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusu müvəqqəti baş nazir təyin etdi. Hasinanın partiyası ölüm hökmü səbəbindən seçkilərdə iştirak edə bilmədiyi üçün mühafizəkar və millətçi partiyalar arasındakı yarışın nəticəsi həlledici hesab olunur.

Orban dövrü Avropada debatlara açılır

Bu il aprelin 12-də Macarıstanda keçiriləcək seçkilər Avropada sağçı populist rejimlərin simvolu olan ölkələrdən birində kritik bir dönüş nöqtəsi kimi izlənilir. 2022-ci ildə səslərin 54 faizini alan Fidesz və Viktor Orban hakimiyyətlərini möhkəmləndirmişdilər.

Orbanı tərk edərək Hörmət və Azadlıq Partiyasına qoşulan Peter Magyarın güclü rəqib kimi ortaya çıxması və müxalifətin sorğularda üstünlüyü Orban dövrünün şübhə altına alınmasına səbəb olub.

Kolumbiya seçkiləri kölgədə qaldı

Mayın 31-də Kolumbiyada keçiriləcək seçkilər Cənubi Amerikada sağa doğru dəyişikliyin davam edib-etməyəcəyini sınayacaq əsas məsələlərdən biri kimi gözlənilir. Keçmiş solçu partizanların dəstəklədiyi prezident Qustavo Petro bir daha namizədliyini irəli sürməyəcək.

Senator Migel Uribe Turbayın sui-qəsdindən sonra ölkədə təhlükəsizlik böhranı daha da dərinləşib, hakim partiya İvan Çepedanı, müxalifət isə Serxio Fajardonu namizəd göstərib. Sorğular göstərir ki, ikili arasında yarış çox gərgin olacaq.

Paşinyanın Ermənistanda dəstəyi azalıb

Bu il iyulun 7-də Ermənistan baş tutacaq seçkilərdə daxili siyasətlə yanaşı, ölkənin beynəlxalq kimliyi də müzakirə mövzusu olacaq. 2025-ci ilin mart ayında Azərbaycanla imzalanan müqavilədən sonra Baş nazir Nikol Paşinyanın ictimaiyyət arasında dəstəyinin ciddi şəkildə azaldığı deyilir.

Son sorğular göstərir ki, Paşinyana inam 13 faizə düşüb. Seçki nəticələrinin Ermənistanın xarici siyasət xəttinə də təsir edəcəyi gözlənilir.

İsveçdə sağ-sol balansı və immiqrasiya debatları

Sentyabrın 13-də İsveçdə keçiriləcək seçkilər Avropadakı sağçı dalğa baxımından diqqətlə izləniləcək. Mərkəz-sağ Baş nazir Ulf Kristerssonun rəhbərlik etdiyi hökumət dəstə münaqişələri, immiqrasiya və vətəndaşlıq müzakirələri səbəbindən zəifləsə də, Maqdalena Anderssonun Sosial Demokratları sorğularda öndədir. Lakin sol blok daxilindəki parçalanmış mənzərə seçki gecəsinin tənliyini qeyri-müəyyən edir.

Braziliyada Lula və Bolsonarodan sonrakı ssenarilər

Oktyabrın 4-də Braziliyada keçiriləcək seçkilərdə təkcə prezident deyil, həm də Konqres və ştat qubernatorları seçiləcək. İqtisadi yavaşlama, inflyasiya və artan cinayətkarlıq səviyyələri seçicilər üçün əsas məsələlər olacaq.

Luis İnasio Lula da Silva dördüncü müddətə namizədliyini irəli sürməyəcəyini açıqlayıb. Həbsxanada cəza çəkən Jair Bolsonaronun namizədliyini irəli sürə bilməməsi, lakin oğullarının yarışa qatılması gözlənilir.

İsraildə Netanyahuya alternativ axtarışı

Oktyabrın 27-də İsrail yenidən seçkilərə gedəcəyi üçün ölkədəki siyasi qeyri-sabitlik yenidən seçki gündəliyini formalaşdırır. Baş nazir Benyamin Netanyahunun müxalifətin parçalanmış təbiətinə görə mövqeyini qoruyub saxlayacağı gözlənilir. Lakin onun müharibə siyasəti və daxili təzyiqlər beynəlxalq tənqidləri artırıb. Ekspertlərin fikrincə, Netanyahuya güclü alternativ hələ ortaya çıxmayıb.

ABŞ-da ara seçkilər, Tramp üçün "referendum"

Noyabrın 3-də ABŞ-da başlayacaq ara seçkilər ənənəvi olaraq hazırkı prezident üçün referendum kimi xidmət edir. Prezident Donald Tramp Nümayəndələr Palatasında çoxluğunu qorumaq üçün xüsusilə Texas, Missuri və Şimali Karolina kimi ştatlara diqqət yetirir. İqtisadi böhran və süni intellektin işçi qüvvəsinə təsiri müzakirə olunduğu üçün seçkilərin nəticələri Vaşinqtonda siyasi gərginliyin səviyyəsini və 2026-cı ildən sonrakı gündəliyi müəyyən edə bilər.

Seçilən
23
hafta.az

1Mənbələr