AZ

Xalq artisti Rafael Dadaşovun doğum günüdür

Yanvarın 4-ü Xalq artisti Rafael Dadaşovun doğum günüdür.

AzEdu.az xatırladır ki, o, 1946-cı ildə Zaqatala rayonunda anadan olub.

R.Dadaşov Naxçıvan şəhərində orta məktəbi bitirdikdən sonra 1966-72-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif işi fakültəsində ali təhsil alıb.

1967-ci ildən etibarən əmək fəaliyyətinə başlayan Rafael Dadaşov 1974-cü ilədək olan dövr ərzində Bakı Dövlət Sirkində, Naxçıvan Muxtar Respublikası Mahnı və Rəqs Ansamblında və Ümumittifaq Sirkində müxtəlif vəzifələrdə çalışıb, 1974-76-cı illərdə Naxçıvan Muxtar Respublikasında Xalq Yaradıcılığı Evində təlimatçı olub, eyni zamanda, Naxçıvanın Televiziya və Radio Komitəsində işləyib.

1976-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasında aktyor kimi yaradıcılıq yoluna başlayan Rafael Dadaşov burada aparıcı səhnə ustası olaraq sənət fəaliyyətini ömrünün sonunadək davam etdirib.

Yaradıcılıq potensialını televiziya və kino sahəsində də uğurla nümayiş etdirən istedadlı aktyorun bədii filmlərdə və televiziya tamaşalarında məharətlə canlandırdığı obrazlar həmişə özünün fərqli psixoloji-emosional yozumu ilə səciyyələnib. Onun televiziya tamaşalarında yaratdığı personajlar milli televiziyanın fondundakı dəyərli sənət nümunələri sırasında qorunub-saxlanmaqdadır.

Rafael Dadaşovun Azərbaycan mədəniyyətinin inkişafı sahəsində göstərdiyi xidmətlər lazımınca qiymətləndirilib. O, 1987-ci ildə respublikanın Əməkdar artisti, 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb, 2019-cu ildə müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan "Şöhrət" ordeni ilə təltif edilib.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti, Prezident təqaüdçüsü Rafael Dadaşov 2020-ci il martın 16-da vəfat edib.

Seçilən
164
azedu.az

1Mənbələr