Xatırlayırsızsa, “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Sxadadze mövsümün ilk yarısında dəfələrlə heyətin keyfiyyətli olmadığını dilə gətirdi, çoxlu xal itkisini bununla əlaqələndirdi.
Maraqlıdı, bəs, qarşıdan gələn qış “transfer pəncərəsi” çərçivəsində komandanı gücləndirmək mümkün olacaqmı?
“Football-plus.az”ın sualını “Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlı cavabladı:
“Həm hücum, həm də müdafiə xəttini gücləndirmək niyyətindəyik. 4-5 futbolçu alacağıq. Üç legionerlə razılaşmaq niyyətindəyik. Qalan keçidlər yerli futbolçular olacaq. Danışıq apardığımız oyunçular var. Gələn həftənin əvvəlində bəzi məsələlərə aydınlıq gələcək. Ayrılıqlara gəlincə, indiki heyəti qoruyub-saxlamağa çalışacağıq”.
Klub rəsmisi “Neftçi”nin futbolçusu Rza Cəfərovun transfer prosesiylə bağlı son durumu da bizimlə bölüşdü:“Danışıqlar davam edir. Qapıçı başqa klubdan da təklif alıb. Hazırda nə qərar verəcəyini fikirləşir. Biz də qarşı tərəfdən cavab gözləyirik”.
KƏNAN BAHADIR