AZ

Argentinanın sabiq prezidentixəstəxanadan buraxıldı

BAKI, 4 yanvar. TELEQRAF

Argentinanın sabiq Prezidenti Kristina Fernandes de Kirşner xəstəxanadan buraxılıb və korrupsiya işi üzrə ev dustaqlığı keçirdiyi mənzilinə geri dönüb.

Teleqraf xəbər verir ki, bu barədə onun iki həftə müalicə aldığı tibb müəssisəsi məlumat yayıb.

Bildirilib ki, Kristina Fernandes de Kirşner kəskin appendisit, lokal peritonit və əməliyyatdan sonrakı bağırsaq keçməzliyi ilə bağlı hospital müalicəsini başa çatdıraraq ambulator müalicəyə buraxılıb. Bundan sonra onun səhhətinə ev şəraitində şəxsi həkim komandası nəzarət edəcək.

Qeyd edək ki, Kristina Fernandes de Kirşner 2007-2015-ci illərdə Argentinanın prezidenti, 2019-2023-cü illərdə isə vitse-prezidenti olub. O, 2022-ci ilin dekabrında Santa-Krus əyalətində infrastruktur layihələrinin icrası zamanı yol verilən korrupsiya faktları ilə bağlı 6 il müddətinə azadlıqdan məhrum edilib.

Sabiq dövlət başçısı ittihamları qəbul etmir və özünü siyasi təqibin qurbanı hesab edir.

2025-ci il iyunun 10-da Argentinanın Ali Məhkəməsi aşağı instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayaraq onun icrasına başlanılmasına qərar verib. Kirşnerin 72 yaşı və həbsxanada üzləşə biləcəyi təhlükəsizlik riskləri nəzərə alınaraq, cəzası ev dustaqlığı ilə əvəz edilib.

Seçilən
136
teleqraf.com

1Mənbələr