AZ

Adsız hekayə PƏRVİZ YƏHYALI YAZIR

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Adsız hekayə

— Siz qərarlısınız?

— Hə, artıq tərəddüdlərim arxada qaldı.

— Bəlkə bir də yaxşı-yaxşı fikirləşəsiniz?

— Yox, artıq əminəm ki, getməliyəm.

— Yenə də fikirləşin!

— Mən qətiyyətlə “hə” demişəm.

Xoşuma gəlir. Diqqətimi çəkir. Bilirsiniz, mən heç vaxt Fransada olmamışam. Fikirləşirdim ki, yəqin arzum elə arzu olaraq qalacaq. Ancaq hələ işə başlamamış, gələcəkdə iş həyatımla bağlı belə səfərlərin mümkün olduğunu eşidəndə, etiraf edirəm, sevindim.

— Necə? Siz işə başlamamış, heç gedib yerləşməmiş səfərlər haqqında təklif alırsınız? Məncə, bu normal deyil. Sizdən başqa orada çoxlu əməkdaşlar var. Bəlkə özünüzə sual verəsiniz: niyə siz?

— Burada nə var ki… Görünür, işin xüsusiyyəti belədir.

— Sizdən əvvəl orada işləyənlər belə xarici səfərlər ediblər?

— Bilmirəm. Məncə, yox.

— Axı siz hələ özünüzü doğrultmamısınız.

— Bəsdirin siz Allah! Nə var ki burada? Siz sadəcə mənim bu şəhərdən getməyimi istəmirsiniz deyə belə fikirləşirsiniz. Biz ki planetləri dəyişmirik. Sadəcə mən başqa şəhərdə işləmək üçün gedirəm. Narahat olmayın, dostluğumuz əbədidir.

— İncimə, görürəm siz həddindən artıq diqqət mərkəzindəsiniz. Yeni işə, yeni şəhərə həvəslə uyğunlaşmanı artıq xəyalınızda qurmusunuz. O da sirr deyil ki, minlərlə namizədin içindən seçilmisiniz. Bu seçimin təkcə iş dünyasına bağlılığı mənim üçün inandırıcı deyil.

— Yaxşı da, başqa nə ola bilər? Mən istəyirəm, hamı kimi siz də mənə “xeyirli olsun” deyəsiniz!

— Deyirəm, uğurlar da arzulayıram. Ancaq mənimlə söhbət etdiyiniz an sizə zəng gəlir. Telefona gözucu baxırsınız. Ekranda adı görəndə adi nəzakət qaydaları unudulur. Heç üzr-filan etmədən cavab verirsiniz. Bir anda səsiniz dəyişir, simanıza xəfif qızartı çökür.

Məlum olur ki, yeni işinizin meneceridir. Hansı ki sizi minlərin içindən seçib. Müsabiqəsiz, yalnız özünə məlum olan meyarlara görə. Bilirsiniz, həmin an mən əmin idim ki, zəng vuran başqa biri olsaydı, cavab verməyəcəkdiniz.

— Nə danışırsınız? Mən onun yanında olanda siz mənə zəng vurdunuz, mən sizə də cavab verdim.

— Görünür, unutmusunuz. Mənə cavabınız bu oldu ki, “indi məşğulam, çıxanda zəng vuraram”.

— Siz dəhşətsiniz. Bu nə sorğu-sualdır? Kim verib sizə bu haqqı? Elə danışırsınız, guya biz bu şəhərdə hər gün görüşürük. Ünsiyyətimiz onsuz da əsasən müasir kommunikasiya vasitələri ilə baş tutur. Gedəcəyim şəhər də dünyanın o başı deyil. İstəsəniz, yenə zəngləşə, dərdləşə bilərik. Sizə ancaq mənim qərarıma hörmət etmək qalır. Ağlınıza da çürbəcür fikirlər gəlməsin, yaxşı?

— Qapayaq bu söhbəti. Amma yenə deyirəm, heç məni açmadı sizin bu meneceriniz. Siz özünüz də incəlikləri hiss edirsiniz. Sıradan olmayan münasibəti. Ancaq işə olan həvəsiniz bunu görməzdən gəlməyə vadar edir.

— Bura bax! Mən nəyə qərar verirəmsə, özüm bilərəm. Pis heç nə də olmayacaq! Siz çalışın, çıxarın məni başınızdan. Düşünməyin məni, dönün öz qayğılarınıza. Qalsanız da dost kimi etiraz etmirəm. Amma məni düşünməyin. Nəzərə alın ki, bizim ürək sirdaşı ola bilməyimizin tək səbəbi təsadüf və hər ikimizin bir il öncə boşluqdan doğan ehtiyacı olub — dosta ehtiyac. Sizsə qəlbinizdə min xəyal qurub özünüzü xəyal qırıqlığına məruz qoymusunuz. Narahat olmayın, keçər. Əvvəl bir az iz buraxacaq, incidəcək. Sonra isə unudacaqsınız. Hətta zamanla yadınıza düşəndə özünüzə güləcəksiniz.

— Xudahafizləşəkmi?

— Sağlıqla qalın!

Heç özü də bilmirdi hara gedir. Taksiyə əyləşib, anidən verdiyi qərarı dilinə gətirdi:

— Bu şəhərin ən böyük gül mağazası hansıdır? Ora sürün! -dedi.

Dükan rəngbərəng çiçəklərlə, güllərlə böyük nəbatət bağını xatırladırdı. Onu qarşılayan satıcını qəsdən söhbətə tudu.

-Bağışlayın, müştəriləriniz daha çox hansı güllərdən seçim edir?

-Zövqlər müxtəlifdir ~deyə satıcı cavab verdi. Sonra isə ani susub, söhbətinə davam etdi.

-Güllərin də alın yazısı var. Qəbir üstünə gedəni də olur, toya gedəni də, sevilə-sevilə hədiyyə ediləni də. Bağışlayın, siz…

— Mən elə-belə, evdə güldana qoymaq üçün alıram.

O, yeddi ədəd qızılgül seçib götürdü. Özündən başqa heç kəs güman edə bilməzdi bu güllərin ünvanını. Bu qızılgüllərlə heç yerə getməyəcəkdi. Öz otağında onlarla baş-başa qalacaqdı.

Tanışlıqlarının ilk aylarından dostuna demişdi ki, sizi hər səhər ətirli güllərlə yuxudan oyadacağam — bütün ömrüm boyu. “Yorularsan, bezərsən”, — cavabına gülümsəmiş, “mən tərs və inadkaram”, -demişdi. “Axı olmaz belə, camaat nə deyər” sözünə də alternativ tapmışdı.

Hər səhər təzə-tər güllərin şəklini çəkib onun WhatsApp nömrəsinə göndərirdi. Artıq yeddi aydan çox idi ki, hər ikisi buna alışmışdı. Güllərin şəklini göndərən də, qəbul edən ünvan da bunu vazkeçilməz ritual bilirdi.

Üç gündür səhərlər güllü ismarıclar yoxa çıxmışdı. Açığı, güllər üçün darıxırdı. Yeni şəhərdə, yeni işdə, yeni tanışların əhatəsində darıxmağa vaxt olmasa da.

Bəlkə zəng edim…

Yox, qoy unutsun, — deyə fikrindən keçirdi.

Bir otağın pəncərəsindən qızılgüllər soyuq qış günəşinə doğru boylanırdı. Bu o güllər idi ki, sələflərindən fərqli olaraq sevilə-sevilə telefon kamerasına tuşlanmırdı.

Bu şəhərin marşrut avtobusları da fərqli idi. Basabas olmasa da, içərisində qəribə, xoş olmayan bir atmosfer hökm sürürdü. Burada insanların telefon danışıqları qısa olurdu. Hamının üzündən qayğılar süzülürdü.

Görəsən, tamam küsüb-incidi? Bəlkə səhhətində problem var? Deyəsən, son vaxtlar bir az ürək ağrıları da olmuşdu…

Yox, yox, zəng vurmayacağam. Qoy unutsun məni.

WhatsApp ismarıcının səsi onu fikrindən ayırdı. Dərhal açdı. Elə bildi ki, ekranda yenə güllərlə “sabahın xeyir” görəcək.

— Əzizim, axı sizə demişdim, mənim maşınımla gedib-gəlsəniz rahat olar. Bu şəhərdə avtobuslara bel bağlamaq olmur. Niyə işə gecikirsiniz?

Pərviz Yəhyalı

GUNUNSESI.INFO

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
79
icma.az

1Mənbələr