AZ

Siyasi çürümənin ANATOMİYASI - İranda böhranı tətikləyən əsas FAKTORLAR

Məlum olduğu kimi, İranda iqtisadi vəziyyətin pisləşməsi və realın kəskin ucuzlaşması fonunda dekabrın sonlarından etibarən kütləvi etiraz nümayişləri başlayıb. Belə ki, iqtisadi vəziyyətdən narazı olan sahibkarlar küçələrə axışıblar, daha sonra isə xalqın digər sosial kəsimlərindən olan şəxslər onlara qoşulublar.  Nəticədə, ölkənin əksər şəhərləri xalqla rejim qüvvələri arasında savaş meydanına çevrilib.

Molla övladlarının Qərbdəki lüks həyatı

İranda kütləvi etiraz aksiyalarının mütəmadi hal alması hər birimizə yaxşı məlumdur. Demək olar ki, hər il, bəzən ildə bir neçə dəfə geniş xalq kütlələri molla rejiminə qarşı ayağa qalxırlar. Bu vəziyyətin tendensiya xarakteri alması isə ölkədə köklü problemlərin qalıcı olduğununun göstəricisidir. Narazılıqların azalmaq yerinə artmasında isə bir vacib faktor var – molla rejiminin hakimiyyəti.

          
Təqribən yarım əsr əvvəl şah rejiminə qarşı nümayişlərdən fürsət tapıb, hakimiyyəti ələ keçirən mollalar xalqı Pəhləvilərdən daha ağır günə salıb.

Faktiki olaraq, molla rejimi xalqı soymaqla, öz ciblərini doldurmaqla məşğul olub. Özləri xalqa moizə oxuyarkən, övladlarına düşmən elan etdikləri Qərb ölkələrində lüks şərait qurublar.

Hələ 2022-ci ildə İran parlamentinin millət vəkili Hacər Çinarani İranın yüksək rütbəli 5400 hökumət adamının övladlarının Avropa, Amerika və Kanadada yaşadığını demişdi. Məhz xalqdan oğurlanan milyardlar hesabına molla rejiminin rəhbərlərinin övladları Qərbdə oliqarx həyat tərzi yaşayırlar.

Hər gün 12 edam

Xalq ayağa qalxıb, ədalət axtarışına çıxıb, oğurlanan milyardların hesabını soruşanda isə repressiya maşını işə düşüb. Mollalar SEPAH-ı, Bəsici “oyuna daxil edib”, xalqa qanlı divan tutublar. Etiraza qalxan əhali küçələrdə güllələnib, siyasi fəallar isə dar ağacında həyata gözlərini yumub.


Molla rejiminin qaniçənliyini son dövrlərdə edamların sayındakı kəskin artım aydın şəkildə nümayiş etdirir. İranda İnsan Haqları Müdafiəçiləri Qrupu - HRANA-nın məlumatına görə, 22 noyabr - 22 dekabr tarixləri arasında ölkə zindanlarında ən azı 338 məhbus dar ağacından asılıb. Bu göstərici dekabr ayı ərzində təxminən hər iki saatda bir edamın icra edildiyini göstərir.

Oxşar qəddarlıq etirazçılara münasibətdə də özünü göstərir. Haqqını tələb edən dinc sakinlər küçədə vəhşicəsinə döyülərək, güllələnərək öldürülür.

Xalqın boğazından kəsilib, terrora ayrılan milyardlar

Öz gözündəki tiri görməyib, başqasının gözündə çöp axtaran mollaların xarici siyasəti də daxildəki kimi, zülmə, radikalizmə əsaslanır. Daxili problemləri həll etmək yerinə İran hakimiyyəti uzun illərdir regiondakı digər ölkələrə də nifaq toxumu səpməklə məşğuldur.

Suriyada Əsəd rejiminə verilən dəstək, Yəməndəki Husilər, Livandakı Hizbullah, İraqdakı Həşdi-Şabi qruplaşmaları buna əyani nümunədir. Molla rejimi uzun illərdir xalqdan oğurladığı pullarla bu cür proksi qüvvələri bəsləməklə məşğul olub. Nəticə isə göz qabağındadır – Yaxın Şərqdə qan bir gündə olsun dayanmır.


İran oxşar siyasətini ölkəmizdə də yürütməyə çalışıb: “Huseyniyyun” adlı terror təşkilatı vasitəsilə Azərbaycanda da radikal cəhdlər edib. Ancaq Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən görülən zəruri tədbirlərlə bu cəhdlərin qarşısı vaxtında alınıb. Buna baxmayaraq, “Səhər” kanalı vasitəsilə İran hələ də öz çirkin təbliğatını davam etdirməyə çalışır.

Ümid işığını söndürmək cəhdi

Təbii ki, İranda mollaların tiranlığını anlayan, bu siyasətin rejimi məhvə sürüklədiyini görən ziyalılar da var. Onlardan biri də Prezident Məsud Pezeşkiandır. “İnsanlar narazıdırsa, bu, bizim günahımızdır” deyən Pezeşkian faktiki olaraq İrandakı hadisələrin molla rejiminin xalqın başına gətirdiyi müsibətlərin nəticəsi olduğunu açıq şəkildə ifadə edib:

“Hökumət effektiv xidmətlər göstərməli, resursları düzgün idarə etməli və ictimai narazılığı aradan qaldırmaq üçün iqtisadi və sosial problemlərə praktik həllər tapmalıdır. İnsanlar narazıdırsa, bu bizim günahımızdır. ABŞ-ı və ya başqalarını günahlandırmayın. Məsuliyyət bizimdir".


Doğrudur, Pezeşkian real situasiyanı düzgün dəyərləndirməyi və xalqın etimadını qazanmağı bacarıb. Ancaq real səlahiyyətlərə malik olmaması, molla rejiminin yaratdığı maneələr İran Prezidentinin zəruri addımlar atmasına əngəl olur. Nəticə isə göz qabağındadır...

Nəticə çıxarmağın vaxtıdır

Bütün bu mənzərə bir daha göstərir ki, İranın əsas problemi nə xarici təzyiqlərdir, nə də sanksiyalar – problemin özü molla rejiminin mahiyyətidir. Xalqı yoxsulluğa sürükləyən, etirazı güllə və dar ağacı ilə susduran, ölkənin milyardlarını isə xarici proksi qruplaşmalara xərcləyən bir sistemin islah olunması demək olar ki, mümkünsüzdür.

Bu reallıqlar fonunda Azərbaycanda hələ də İrana romantik yanaşan, molla rejimini “ədalət modeli” kimi təqdim etməyə çalışanlar ciddi şəkildə düşünməlidirlər. Güvəndikləri rejimin nə qədər çürük, riyakar və qəddar olduğunu İran küçələrində axan qan, zindanlarda hər gün icra edilən edamlar açıq şəkildə göstərir. Xomeyni bayrağı qaldıran, İran rejiminin ideologiyasını ölkəmizə daşımağa çalışan ünsürlər də nəticə çıxarmalıdırlar: bu yol nə azadlığa, nə rifaha, nə də ədalətə aparır. Əksinə, bu yol xalqları fəlakətə, xaosa sürükləyir...


Bizim.Media-nın analitik qrupu

Seçilən
57
1
bizim.media

2Mənbələr