AZ

Fuad Nağıyevə şiddətli töhmət də bəs eləmədi?

Fuad Nağıyevə şiddətli töhmət də bəs eləmədi?

Şahdağ Turizm Mərkəzində kanat yolunda texniki nasazlıq yaranıb. İlkin məlumatlara görə, kanatda olan bir neçə nəfər müəyyən müddət havada qalıb.

AFN.az xəbər verir ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Baş verən hadisə ilə bağlı Şahdağ Turizm Mərkəzi QSC tərəfindən hələlik heç bir rəsmi açıqlama verilməyib. Problemin yaranma səbəbi, davam etmə müddəti və təhlükəsizliklə bağlı risklərin aradan qaldırılıb-qaldırılmadığı barədə ictimaiyyətə hər hansı məlumat təqdim olunmayıb.

Qeyd edək ki, Şahdağ Turizm Mərkəzi QSC Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərir. Agentliyin fəaliyyəti barədə isə son vaxtlar müsbət rəy səslənmir, əksinə, sahə ilə bağlı ardıcıl tənqidlər gündəmə gəlir.

Vəziyyət o həddə çatıb ki, turizm sektorundakı problemlər, ölkənin real turizm potensialı ilə uyğun gəlməyən statistik göstəricilər artıq Milli Məclisdə açıq şəkildə dilə gətirilir.

Məsələn, dekabrın 2-də parlamentin iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev bildirib ki, Azərbaycanda ciddi araşdırma aparılmalıdır: niyə turistlər ölkəmizə gəlməkdən imtina edir?

Deputatın sözlərinə görə, bu vəziyyət əsasən xidmətlərin baha olması ilə bağlıdır. Təyyarə biletlərinin yüksək qiyməti, ictimai iaşə obyektlərində həddindən artıq bahalaşma, eləcə də münasib qiymətə hotellərin olmaması turist axınına birbaşa mənfi təsir göstərir.

Q.Həsənquliyev qeyd edib ki, ötən il (2025-ci ildə – red.) Azərbaycana gələn turistlərin sayı əvvəlki illə müqayisədə 1,7 faiz azalıb.

Xüsusilə Avropadan gələn turistlərin sayı 21,7 faiz, Mərkəzi Avropadan gələnlərin sayı isə 10 faiz azalıb.

Halbuki qonşu Gürcüstanda ötən ilin yanvar–sentyabr ayları ilə müqayisədə turist sayında 6,6 faiz artım qeydə alınıb.

Deputatın vurğuladığı kimi, Azərbaycana 2 milyon 171 min turist gəldiyi halda, ərazi və imkan baxımından daha kiçik olan Gürcüstana 4 milyon 307 min turist səfər edib.

Mərkəzi Bankın açıqladığı tədiyə balansı hesabatına görə, 2025-ci ilin 9 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın xarici turizmdən əldə etdiyi gəlirlər təxminən 30 milyon dollar azalaraq 1 milyard 534 milyon dollara enib.

İqtisadçı ekspert Rövşən Ağayevin sözlərinə görə, turizm xidmətləri ixracatında kəskin azalmanın qarşısı əsasən işgüzar səfərlərin artması hesabına alınıb.

Belə ki, şəxsi turizm xidmətləri ixracatı 17 faiz, yəni 200 milyon dollar azalaraq 1 milyard dollara düşüb.

Bunun əvəzində işgüzar səfərlərə gələnlərin hesabına turizm ixracatı təxminən 45 faiz (157 milyon dollar) artaraq 517 milyon dollara çatıb.

Ötən ilin 9 ayında Azərbaycana gələn turistlərin sayında da azalma müşahidə olunub.

Belə ki, 2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycana 189 ölkədən 2 milyon 364 min nəfər, yəni 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Ölkədən gedənlərin sayında da azalma qeydə alınıb: 2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycandan xaricə gedən ölkə vətəndaşlarının sayı 2,6 faiz azalaraq 1 milyon 947 min nəfər olub.

Bu rəqəmlərin ortaya çıxmasında həm obyektiv, həm də subyektiv səbəblər mövcuddur.

Lakin heç kimə sirr deyil ki, Azərbaycanın son dərəcə geniş turizm potensialı var.

Bu potensialdan düzgün istifadə etmək, turizmi ölkəyə real gəlir gətirən sahəyə çevirmək isə ciddi idarəetmə, sistemli yanaşma və məsuliyyət tələb edir.

Deməli, turizm sektoruna rəhbərlik etmək və bu sahədə dövlət siyasətini həyata keçirmək xırda məsələ deyil.

Dövlət Turizm Agentliyinə rəhbərlik edən Fuad Nağıyevin mövcud potensialdan səmərəli istifadə etmək niyyətinin olmaması isə açıq-aşkar ortadadır.

Əks halda, Şahdağ kimi kifayət qədər bahalı və strateji əhəmiyyətə malik turizm mərkəzi illərdir zərərlə fəaliyyət göstərməzdi.

Məlumat üçün qeyd edək ki, Fuad Nağıyev 2018-ci ildən Dövlət Turizm Agentliyinin sədridir.

Yəni bu sahədə uğur qazanmaq üçün kifayət qədər vaxtı olub.

Lakin nəticə etibarilə uğur əvəzinə şiddətli töhmət alıb.

Fuad Nağıyev “az aşım, ağrımaz başım” prinsipi ilə işləyən, ictimaiyyətdən və mediadan uzaq duran məmurlardandır.

İndiyə qədər onun media qarşısına çıxaraq ictimaiyyəti narahat edən suallara cavab verdiyi, rəhbərlik etdiyi sahədə yol verilən nöqsanlara görə konkret tədbir gördüyü barədə açıq mənbələrdə məlumat yoxdur.

“Dövlət Turizm Agentliyinin rəhbəri” ifadəsi ilə axtarış aparıldıqda internet resurslarında əsasən yalnız Prezident İlham Əliyev tərəfindən Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilməsi ilə bağlı xəbərlər diqqət çəkir.

Belə bir rəhbərlik şəraitində bu sahədə inkişafdan danışmaq bir yana, yuxarıda qeyd edilən kimi təhlükəli və narahatedici hadisələrin baş verməsi də qeyri-adi görünmür.

Hərçənd suallarımızın cavabsız qalacağını ehtimal edirik, lakin yenə də “Şahdağ”da yaşanan hadisə ilə bağlı aşağıdakı sualları açıq qoyuruq:

– “Şahdağ” Turizm Mərkəzinə gedən turistlər sığortalanırmı?

– Kanat yoluna cavabdeh olan şəxslər baş verən hadisəyə görə cəzalandırılıbmı?

– Texniki nasazlığın konkret səbəbi nə olub?

– Kanat yoluna və texniki avadanlıqlara sonuncu baxış nə vaxt və hansı şirkət tərəfindən keçirilib?

Seçilən
51
1
afn.az

2Mənbələr