Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Ukraynada davam edən müharibə fonunda Prezident Volodimir Zelenski siyasi elitada ciddi kadr islahatlarına start verib. Belə ki, hərbi kəşfiyyatın rəhbəri Kiril Budanovun Prezident Ofisinin rəhbəri təyin edilməsi, rəqəmsal transformasiya naziri Mixail Fyodorovun müdafiə naziri postuna irəli çəkilməsi və eyni zamanda keçmiş Baş Qərargah rəisi Valeri Zalujnının siyasi ambisiyaları ilə bağlı yayılan məlumatlar Kiyevdə yeni siyasi mərhələnin başlandığını göstərir.
Bu dəyişikliklər isə təkcə texniki kadr rotasiyası deyil, həm də Zelenskinin müharibənin uzandığı şəraitdə idarəetmə modelini yenidən formalaşdırmaq cəhdi kimi dəyərləndirilir. Məsələn, Prezident Ofisi daha çox siyasi koordinator rolunu oynasa da, Birləşmiş Ştatlara xüsusi yaxınlığı ilə seçilən hərbi kəşfiyyat rəhbəri Budanovun bu posta təyinatı göstərir ki, Zelenski siyasi və hərbi koordinasiyanı mərkəzləşdirmək niyyətindədir. O, Ofisinin imicini daha da yüksəltmək və prezident aparatını birbaşa təhlükəsizlik və kəşfiyyat məntiqi ilə işləyən mərkəzə çevirməyə çalışır, həm də ABŞ-nin vahid dəstəyini qazanmağa ümid edir. Çünki Budanov müharibə dövründə Ukraynada ən etibarlı və nüfuzlu fiqurlardan biri kimi tanınır.

Bununla yanaşı, Zelenski keçmiş baş nazir və müdafiə naziri Denis Şmıqalın yerinə rəqəmsal transformasiya naziri Mixail Fyodorovu təklif edib. Fyodorovun öhdəliyi Ukraynanın dronlar və ümumiyyətlə hərbi texnologiya sahəsindəki imkanlarını kəskin şəkildə artırmaqdır. Baş nazirin müavini və rəqəmsal transformasiya naziri kimi Fyodorov artıq hərbi İT həllərinin inkişafında, ordunun rəqəmsallaşdırılmasında, dronlar və rabitə ilə bağlı layihələrdə əsas rol oynayıb.
Onun təyinatı Müdafiə Nazirliyinin diqqətinin texnoloji müharibəyə, yəni PUA istehsalını genişləndirməyə, yeni inkişafların tətbiqini sürətləndirməyə, özəl istehsalçılar və startaplarla daha sıx əməkdaşlıq etməyə, rəqəmsal həllərin birbaşa döyüş əməliyyatlarına inteqrasiyasına yönəldiyini göstərir.
Eyni vaxtda Ukraynanın Böyük Britaniyadakı səfiri, Baş Qərargahın sabiq rəisi Valeri Zalujnının ölkəyə qayıdaraq siyasi partiya yaratmaq niyyəti ilə bağlı yayılan məlumatlar da diqqət çəkir. Rəsmi təsdiq olmasa da, bu ehtimal Zelenski üçün ciddi siyasi çağırış ola bilər. Çünki Zalujnı Ukrayna cəmiyyətində yüksək etimad qazanan simalardandır. Onun siyasətə girişi hakim komandanın daxilində rəqabəti gücləndirə, müharibə dövründə siyasi balansı dəyişə, gələcək seçkilər üçün alternativ mərkəz formalaşdıra bilər. Bu baxımdan, Budanovun Prezident Ofisinə gətirilməsi həm də potensial rəqiblərə qarşı preventiv siyasi manevr də ola bilər.

Bir sözlə, aparılan kadr islahatları göstərir ki, Ukrayna lideri müharibənin uzunmüddətli xarakter aldığını qəbul edir, hakimiyyətin mərkəzində hərbi və təhlükəsizlik məntiqini gücləndirir, qərarverməni daha sərt və mərkəzləşdirilmiş formaya salır. Bu, qısa müddətdə idarəetmədə operativliyi artıra bilər, lakin orta və uzun müddətdə mülki-siyasi institutların zəifləməsi, siyasətin həddən artıq hərbiləşməsi kimi risklər də mövcuddur.
Beləliklə, Budanovun yüksəlişi, Fyodorovun müdafiə sahəsinə transferi və Zalujnı amilinin gündəmə gəlməsi göstərir ki, Kiyev təkcə cəbhədə deyil, siyasi səhnədə də həlledici mərhələyə daxil olur. Bu dəyişikliklərin Ukraynanı qələbəyə yaxınlaşdırıb-yaxınlaşdırmayacağı isə birbaşa döyüş meydanındakı nəticələrlə yanaşı, daxili siyasi tarazlığın necə qorunacağından da asılı olacaq.
Mərahim Nəsib
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.