AZ

Tayqadan yüksələn səs: Şor türkləri

Adelet.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ƏVVƏLİ BURADA

(“Qeyri-müsəlman türklər”- VIII yazı) 

Sibirin dərin tayqalarında yaşayan Şor türkləri bu gün Türk dünyasının ən az tanınan, lakin ən qədim xalqlarından biridir. Coğrafi baxımdan bizdən uzaqda olsalar da, onların dili, mədəniyyəti və dünyagörüşü ortaq türk yaddaşının canlı izlərini özündə daşımaqdadı. Təxminən 20 min nəfərlik bu xalqın taleyi böyük xalqların və mədəniyyətlərin kölgəsində qalmağın nə demək olduğunu açıq şəkildə göstərir.

Şorlar əsasən Rusiyanın Kemerovo vilayətində, Kondom və Mrassu çayları hövzəsində yaşayırlar. Tarixən “Kuznetsk tatarları”, “Dəmirçi tatarlar” kimi tanınan bu xalq metallurgiya və dəmirçilik sahəsindəki ustalığı ilə seçilmişdi. Lakin şorlar heç vaxt müstəqil siyasi birlik, dövlət qura bilməmiş, əsrlər boyu güclü qonşuların iqtisadi və siyasi təzyiqləri altında yaşamışlar. Zəngin dəri-kürk ehtiyatları onların torpaqlarını yadlar üçün daim maraq obyektinə çevirmişdir.

Şorların ənənəvi dünyagörüşünün əsasını şamanizm təşkil edir. Təbiət onlar üçün yalnız yaşayış məkanı deyil, eyni zamanda müqəddəs, yaradıcı bir varlıqdı. Yaşadıqları ərazilərdə XX əsrin əvvəllərindən etibarən pravoslav xristianlığın yayılmasına baxmayaraq, onlar hələ də özlərinin qədim inanclarından gələn düşüncə ilə yaşayırlar. Həm də bu qarışıq ikili inanc sistemi Şor mədəniyyətinin fərqli cəhətlərindən biri kimi maraq çəkməkdədi. 

XX əsr Şorlar üçün ən ağır dövr olmuşdur. Xüsusilə 1930-cu illərdə milli muxtariyyətin ləğvi, ziyalıların repressiyaya məruz qalması və ana dilində təhsilin dayandırılması xalqın mədəni inkişafını kəskin şəkildə zəiflətmişdi. Bir zamanlar məktəblərdə tədris edilən Şor dili tədricən sıxışdırılmış, yazı dili demək olar ki, yoxa çıxmışdı. Bu gün ana dilinin dirçəldilməsi üçün atılan addımlar xeyli gecikmiş olsa da bölgədə şor dili dirçələrək populyarlaşmaqdadı. 

Şorların zəngin folkloru: qəhrəmanlıq dastanları, əfsanələr, atalar sözləri və boğaz oxumaları  türk mədəni irsinin qiymətli qatlarındandı. “Kay” dastançılıq ənənəsi bu xalqın yaddaşını qoruyan mənəvi qaladır.

Bu gün şorların əksəriyyəti sənayeləşmiş şəhərlərdə yaşayır. Lakin kömür mədənlərində çalışaraq ağır həyat tərzi keçirənlər də az deyil. Buna baxmayaraq, bəzi bölgələrdə ovçuluq, maldarlıq, arıçılıq və təbiətə bağlı yaşayış hələ də qorunur.

Şor türklərinin bu hekayəsi bizə bir həqiqəti pıçıldayır: bir xalqın səssizliyi onun yoxluğu demək deyil. Odur ki, bütün türk dünyası onları tanımalı, xatırlamalı, anlamalı və uzaqda qalan bu türk adasına sahib çıxmalıdı.

 

Murad Köhnəqala 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
adalet.az

1Mənbələr