AZ

Uzunmüddətli hərarət təhlükəlidir –  Mütəxəssislər xəbərdarlıq edir

Bədən temperaturunun yüksəlməsi bir çox hallarda orqanizmin infeksiyalara və ya iltihabi proseslərə verdiyi təbii reaksiyadır. Lakin yüksək temperaturun günlərlə, bəzən hətta həftələrlə davam etməsi ciddi sağlamlıq problemlərinin xəbərçisi ola bilər. Həkimlər bildirir ki, uzunmüddətli hərarət sadəcə bir simptom deyil, eyni zamanda həyati təhlükə yarada bilən fəsadlara yol aça bilər. 

Sfera.az xəbər verir ki, tibbi araşdırmalara əsasən, 38 dərəcədən yuxarı hərarətin uzun müddət davam etməsi orqanizmin bir sıra sistemlərinə mənfi təsir göstərir. 

İlk növbədə, yüksək temperatur ürək-damar sisteminə ciddi yük salır. Nəbzin sürətlənməsi, təzyiqin qalxması və ürək ritminin pozulması riski artır. Xüsusilə yaşlı insanlar və xroniki ürək xəstəliyi olan şəxslər üçün bu vəziyyət daha təhlükəlidir.

Uzunmüddətli hərarət beyin fəaliyyətinə də mənfi təsir göstərir. Baş ağrısı, huşun bulanması, diqqət pozuntuları və ağır hallarda qıcolmalar müşahidə olunması riski var. Uşaqlarda və körpələrdə isə bu vəziyyət febril qıcolmalara səbəb ola bilər. 

Eyni zamanda, yüksək temperatur orqanizmdə susuzlaşmaya yol açır. Güclü tərləmə nəticəsində maye və elektrolit itkisi baş verir ki, bu da böyrəklərin fəaliyyətinə zərər vurur. Nəticədə sidik ifrazı azalır, böyrək çatışmazlığı riski yaranır. 

Mütəxəssislər bildirir ki, uzun müddət davam edən hərarət immun sisteminin zəifləməsinə də səbəb olur. Orqanizm daim gərgin vəziyyətdə qaldığı üçün infeksiyalara qarşı müqavimət azalır, sağalma prosesi ləngiyir. 

Həkimlərin sözlərinə görə, 3 gündən artıq davam edən və dərmanla düşməyən temperatur mütləq şəkildə araşdırılmalıdır. Bu hal gizli infeksiyalar, autoimmun xəstəliklər, hormonal pozuntular və hətta bəzi onkoloji problemlərin əlaməti ola bilər.

Mütəxəssislər hərarət zamanı bol maye qəbul etməyi, özbaşına antibiotik istifadəsindən çəkinməyi və vaxtında həkimə müraciət etməyi tövsiyə edirlər. Xüsusilə uşaqlarda, hamilə qadınlarda və xroniki xəstəliyi olan şəxslərdə yüksək temperatur diqqətdən kənarda qalmamalıdır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
56
25
olaylar.az

10Mənbələr