ABŞ prezidenti Donald Tramp Venesuela ilə bağlı mətbuat konfransında Vaşinqtonun ölkənin idarəçiliyində müvəqqəti rol alacağını açıqlayıb.
KONKRET.az xəbər verir ki, Tramp bildirib ki, ABŞ Venesuelada hakimiyyətin təhlükəsiz, düzgün və məntiqli şəkildə ötürülməsi təmin olunana qədər ölkəni idarə etməyi planlaşdırır. Onun sözlərinə görə, məqsəd başqa qüvvələrin müdaxilə edərək eyni problemlərlə üzləşməsinin qarşısını almaqdır.
Tramp qeyd edib ki, ABŞ dünyanın ən iri neft şirkətlərini Venesuelaya cəlb edərək milyardlarla dollar həcmində investisiya yatırmağı, ciddi şəkildə dağıdılmış infrastrukturun, xüsusilə də neft sənayesinin bərpasını planlaşdırır və bunun ölkəyə gəlir gətirəcəyini iddia edib. ABŞ prezidenti əlavə edib ki, zərurət yaranarsa, daha genişmiqyaslı ikinci hücuma da hazırdırlar.
Onun sözlərinə görə, ABŞ Venesuela xalqını varlı, müstəqil və təhlükəsiz görmək istəyir. Tramp həmçinin Venesuelanın neft sənayesinin vaxtilə amerikalı mütəxəssislərin iştirakı ilə qurulduğunu, lakin sosialist rejimin bunu zorla ələ keçirdiyini iddia edib. O, devrilmiş diktator adlandırdığı Nikolas Maduronun hakimiyyəti dövründə Venesuelanın regionda ABŞ-a düşmən olan xarici qüvvələri qəbul etdiyini və ABŞ-ın maraqları və vətəndaşlarının həyatı üçün təhlükə yarada biləcək hücum xarakterli silahlar əldə etdiyini bildirib. Trampın sözlərinə görə, həmin silahlar son hücum zamanı da istifadə olunub.
Natiq Səlim,
KONKRET.az