Erməni idmançı Mikael Mikaelyan İtaliyada keçirilən prestijli "Tour de Ski" yarışında qalmaqala səbəb olub.
Offsideplus.az xəbər verir ki, yarış zamanı o, forma üzərindəki “Azərbaycan” yazısını yapışdıraraq gizlətməyə çalışıb və buna görə Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) tərəfindən cərimələnib.
Məsələ titul sponsorla bağlıdır: ötən ilin may ayında FIS Azərbaycan Dövlət Turizm Agentliyi ilə beş illik müqavilə imzalayıb və ölkənin adı Dünya Kuboku yarışlarının bir çoxunda idmançıların formasında əks olunur.
Hadisə İtaliyanın Toblah şəhərində baş verib. İsveç nəşri "Expressen"in məlumatına görə, Mikaelyan öz hərəkətini ətraflı izah etməkdən imtina edib və eyni cərimələr təkrar olunarsa, yarışları boykot edə biləcəyini bildirib. Bununla belə, Mikaelyanın Toblahdakı idman nəticələri də uğurlu olmayıb — müxtəlif disiplinlərdə 72-ci, 87-ci və 118-ci yerləri tutub.
Qeyd edək ki, "Tour de Ski"də Azərbaycanın reklamı yalnız idmançıların formasında deyil, həm də bütün tras boyunca reklam lövhələrində geniş şəkildə təqdim olunub. Bu yaz isə Azərbaycan 14–15 mart tarixlərində Şahdağda keçiriləcək Dünya Kuboku mogul mərhələsinə ev sahibliyi edəcək.