Xəzər dənizi üzrə 5 ölkəni əhatə edən gəmi səfərləri təşkil olunacaq.
Başqa sözlə, Xəzər dənizi üzrə beynəlxalq kruiz marşrutunun təşkili planlaşdırılır. Xezerxeber.az-ın məlumatına görə,
marşrutda Rusiya, Azərbaycan, İran, Türkmənistan və Qazaxıstan limanlarının yer alması nəzərdə tutulur.
Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, müzakirə olunan layihə Rusiya şirkətlərindən birinin təşəbbüsüdür. Plana görə, "Nikolay Jarkov" adlı kruiz gəmisi Xəzər dənizi üzrə beynəlxalq marşrutla hərəkət edə bilər. Marşruta Mahaçqala, Dərbənd, Bakı, Aktau, Türkmənbaşı və İran limanlarının daxil edilməsi nəzərdə tutulur. Ekspertin sözlərinə görə, regional siyasi proseslər də bu marşrutun gələcəyinə təsir göstərə bilər.
Rəhman Quliyev hesab edir ki, bu layihə reallaşarsa, sözügedən imkanlardan gələcəkdə Bakı ilə yanaşı digər Xəzəryanı Azərbaycan şəhərləri də yararlana bilər. Başqa sözlə, kruiz marşrutunun reallaşması Xəzər dənizi üzərindən beynəlxalq turizmin yenidən canlanmasına səbəb ola bilər. Lakin bunun üçün dövlətlərarası razılaşmalar və hüquqi mexanizmlər vacibdir.
Məsələ ilə bağlı Dövlət Turizm Agentliyindən isə bildirilib ki, hazırda Xəzər dənizində 2 növ kruiz layihəsi haqqında müzakirələr mövcuddur. Xəzər dənizi üzrə turizm kruiz layihəsinin əsas icraçı tərəfi kimi Rusiya çıxış edir. Xəzəryanı ölkələrin əsas dəniz limanlarını əhatə edəcək bu layihədə Bakı şəhəri də dayanacaq liman kimi nəzərdə tutulub. Bundan başqa, Xəzərdə yerli əhəmiyyətli, yəni ölkədaxili-Azərbaycanın əsas liman və adaları üzrə turizm marşrut xətti üzrə kruiz layihəsi haqqında da müzakirələr getməkdədir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.