Astara rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var.
Redaktor.az oxu.az-a istinadla xəbər verir ki, hadisə Astara–Lənkəran avtomobil yolunun Astara rayonunun Təngərüd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Astaradan Lənkərana sərnişin daşıyan “Mercedes Sprinter” markalı mikroavtobusun sürücüsü sürüşkən yol şəraitində idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq elektrik dirəyinə çırpılıb və aşıb.
Qəza zamanı Astara rayon sakini, 1961-ci il təvəllüdlü Səyarə Həsənova hadisə yerində, 1996-cı il təvəllüdlü Əfsanə Baxşıyeva isə xəstəxanada həyatını itirib. Beləliklə, yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.
Hadisə zamanı 10-a yaxın şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.




