Rusiya bankları, müştərilərinin populyar onlayn ticarət platformalarında (“marketplace”) etdiyi yüksək məbləğli alış-verişləri daha ciddi şəkildə nəzarətə götürməyə başlayıb.
"Cebheinfo.az" “RİA Novosti” agentliyinə istinadən bildirir ki, artıq qeyri-adi və ya yüksək məbləğli əməliyyatlar təhlükəsizlik səbəbilə avtomatik olaraq dayandırılır.
Sistem bir müştərinin adi alış-veriş vərdişlərindən kənara çıxan yüksək məbləğli onlayn ödənişi “dələduzluq riski” kimi qiymətləndirdikdə, əməliyyatı avtomatik bloklayır.
Müştəriyə əməliyyatın “dələduzluğun qarşısını almaq məqsədilə” rədd edildiyini bildirən xəbərdarlıq göndərilir.Bloklamanın aradan qaldırılması üçün bankla əlaqə saxlamaq və ya bankın zəngini gözləmək tələb olunur.
Əksər hallarda bank tərəfindən müştəriyə avtomatik zəng edilir. Zəngi edən səsli köməkçi alış-verişin kart sahibi tərəfindən edilib-edilmədiyini və dələduzluq halının olub-olmadığını təsdiqləyir.
Müştəri təsdiq verdikdə bloklama aradan qaldırılır və əməliyyat tamamlanır. Banklar həmçinin müştərilərə dələduzluq üsulları və onlardan qorunma yolları barədə məlumat almağı tövsiyə edirlər. Bu tətbiq, Rusiyada maliyyə təhlükəsizliyi tədbirlərinin gücləndirildiyi bir dövrə təsadüf edir.
Daha əvvəl də bankların şübhəli hallarda bankomatlardan böyük məbləğdə nağd pul çıxarılmasını məhdudlaşdırmaq səlahiyyətinə malik olduğu açıqlanmışdı.
Rəsmilər bu cür tədbirlərin vətəndaşları icazəsiz pul köçürmələrindən və dələduzluq hallarından qorumaq məqsədi daşıdığını bildirirlər.